“Qalatasaray”ın Melo sevdası baş tutmadı
24 İyul 2012 Çərşənbə Axşamı 02:06
Ulduz futbolçu Melo ilə İstanbul klubu arasındakı danışıqlar yarımçıq qaldı.
Braziliyalı futbolçu Felipo Melo ilə Türkiyənin “Qalatasaray” klubu arasında bir müddətdir davam edən danışıqlar yarımçıq dayandırılıb. Danışıqların kəsildiyini Felipo Melonun menecerliyini həyata keçirən “Rodri” ləqəbli Joze Rodriges Basterə məxsus “'Promoesport Bcn” agentliyi açıqlayıb.

Agentlik danışıqların dayandırılmasına səbəb kimi “Qalatasaray”ın ötən gün irəli sürdüyü yeni təklifi göstərib. Belə ki, İstanbul klubu Felipo Melodan yeni endirim istəyib. Agentliyin açıqlamasında deyilir ki, keçən həftələrdə Felipe Melo maaşının azaldılmasına razılıq verib və tərəflər prinsipial razılığa gəliblər. Həmin dövrdə tamamlanmayan yeganə iş “Yuventus”la “Qalatasaray”ın razılığa gəlməsi olub. Felipo Melonun menecerinin şirkəti bundan sonra yeni təklifin irəli sürülməsini “Qalatasaray”ın razılaşmaya sadiq qalmaması kiim qiymətləndirib.

“Futbolçunun səyləri klub rəhbərliyi tərəfindən dəyərləndirilmədi, anlaşmaya hörmətlə yanaşmadılar və yeni endirim istədilər. Felipe Melo ilk gündən etibarən göstərdiyi səbirliliyə görə baş məşqçi Fatih Terimə təşəkkür edir. Felipe çox üzgündür və anlaşmanın yerinə yetirilməsi üçün baş məşqçinin hər yoldan istifadə etdiyinə inanır”, - agentliyin açıqlamasında deyilir.

Braziliyalı futbolçunun meneceri Joze Rodriges Basterin özü isə “Anadolu” agentliyinə açıqlamasında Melonun gələn mövsüm “Qalatasaray”da oynaması ehtimalını istisna edib. Onun sözlərinə görə, ulduz futbolçuya Türkiyənin başqa klublarından təklif gəlməyib və Felipe Melo özünə yeni klub axtarır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar