"Qalatasaray" 70 yaşlı milyonerə tapşırılacaq?
06 Aprel 2011 Çərşənbə 23:05
Ünal Aysalın yaxın günlərdə klub rəhbərliyinə namizədliyini rəsmən açıqlayacağı gözlənilir
Türkiyənin “Qalatasaray” idman klubunda növbəti prezident seçkisinin vaxtı bəlli olub. Bu gün mətbuat konfransı keçirən klub prezidenti Adnan Polat seçkilərin bu il mayın 14-də keçirilməsi barədə qərar qəbul etdiklərini açıqlayıb.

Xatırladaq ki, “Qalatasaray”ın martın 27-də keçirilən illik maliyyə qurultayında klub rəhbərliyinin 1 illik idarəçiliyi qeyri-qənaətbəxş sayılıb. Nizamnamənin tələbinə əsasən bu durumda klub prezidenti və İdarə Heyəti istefaya getmiş sayılır və yeni seçki keçirilir. Lakin mövcud prezident A. Polada yaxın şəxs qurultay qərarının icrasının dayandırılması tələbi ilə məhkəmədə iddia qaldırıb. Məhkəmə iddianı təmin edib və yeni seçki keçirilməsi zərurəti ortadan qalxıb. Bu qərara baxmayaraq, A. Polat seçkinin tarixini elan edib. Onun yenidən namizəd olub-olmayacağı hələlik bəlli deyil.

Hazırda “Qalatasaray” prezidentliyinə ən iddialı namizəd 70 yaşlı iş adamı, ən zəngin 100 türkün siyahısında 51-ci sırada olan Ünal Aysal sayılır. Ü. Aysalın yaxın günlərdə namizədliyini rəsmən açıqlayacağı gözlənilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar