Qafqazda iki ölkə var: Azərbaycan və Gürcüstan
01 İyun 2012 Cümə 17:14
Azərbaycan və Gürcüstan futbol federasiyaları arasında Euro-2020 ilə bağlı memorandum imzalanıb.
Bu gün Gürcüstan Futbol Federasiyası (GFF) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəhbərliyi arasında görüş keçirilib. Batumidə “Redisson” otelində keçirilən görüşdə AFFA prezidenti Rövnəq Abdullayev gürcüstanlı həmkarı Zviad Siçinava ilə 2020-ci il Avropa çempionatının final mərhələsini birgə keçirməklə bağlı məsələni müzakirə edib. AFFA-nın baş katibi Elxan Məmmədovun da iştirak etdiyi tədbirdə Azərbaycan və Gürcüstanın məsul turniri birgə təşkil etmək fikrini rəsmi sənəddə əks etdirən memorandum imzalanıb.
Görüşdən sonra keçirilən mətbuat konfransında GFF prezidenti Azərbaycanla birgə əməkdaşlığa xüsusi önəm verdiklərini bildirib: “Çox şadam kimi, bu görüş baş tutdu. Biz Avro-2020 ilə bağlı qələbəyə köklənmişik. Yaxın 10 gündə işçi qrup yaradılacaq. Daha bir görüş Bakıda olacaq və orada qitə çempionatını hansı şəhərlərdə keçirmək istəyimizi açıqlayacağıq. Bununla göstəririk ki, Qafqazda 2 ölkə var: Azərbaycan və Gürcüstan. Şanslara gəlincə, Almaniya və Hollandiya geri çəkiləndən sonra şanslarımız realdır. Açılış və final oyunlarının harada olmağını da müzakirə etməmişik. İşçi qrupunda peşəkar mütəxəssislər olacaq və burada hər şeyə fikir veriləcək”.
Rövnəq Abdullayev də görüşdə yüksək qiymət verib: “Çox məhsuldar görüşümüz oldu və Avro-2020 ilə bağlı məsələni müzakirə etdik. Bu, ciddi layihədir və istəyimizə çatacağımıza inanırıq. Bu işlə dövlət rəhbərliyinin dəstəyinə arxalanırıq. Azərbaycanla Gürcüstan arasındakı münasibətlər çox yüksək səviyyədədir. Bunlara arxalanaraq, ağır yükün altına girməyi qərara aldıq. Bakıda keçirilən “Avrovizion” turizmə böyük fayda verdi. İnanırıq ki, bu da bizə böyük fayda verəcək. FİFA bizə böyük etimad göstərib. FİFA və UEFA-nı inandırmalıyıq ki, bizim kimi kiçik ölkələr də belə mötəbər turnirləri keçirə bilər”.
İşçi Qrupunun tərkibini müəyyənləşdirmək baş katiblərin ixtiyarına veriləcək. Onlar prezidentlərin növbəti görüşünün vaxtını dəqiqləşdirəcəklər.
Abdullayev sonda deyib ki, qızlar arasında Azərbaycandakı dünya çempionatı yüksək səviyyədə keçəcək: “Ola bilər ki, bundan sonra şansımız artacaq. Biz bu yarışı yüksək səviyyədə keçirəndən sonra FİFA və UEFA Avropa çempionatını keçirmək gücündə olduğumuzu başa düşəcək”.
DOSTLARINLA PAYLAŞ: