Qadın boksçularımızdan tarixi uğur
16 May 2011 Bazar Ertəsi 12:35
Zərif cinsin nümayəndələri beynəlxalq arenada ilk medallarını qazanıblar
Qazaxıstanın Almatı şəhərində Sovet İttifaqı qəhrəmanı Saqadat Nurmaqambetovanın xatirəsinə həsr olunmuş 16-cı beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yarışda 12 ölkənin 170 boksçusu (onlardan 30-u qadın olub) mübarizə aparıb.
Kişilər 10, qadınlar isə 3 – 51 kq, 60 kq və 75 kq çəki dərəcələrində güclərini sınayıblar. Qadınların turnirində milli komandamızın 3 üzvü də iştirak edib. 75 kq çəki dərəcəsində mübarizə aparan Yelena Vıstropova finalda Qazaxıstan boksçusu Milana Safronovanı böyük üstünlüklə məğlub edib – 20:4.
60 kq çəki dərəcəsində yarışan Ayzanat Hacıyeva isə yalnız yarımfinalda uduzaraq, bürünc medala layiq görülüb. Milli komandamızın digər üzvü Əzizə Abbasova (51 kq) isə mükafatçılar sırasına düşə bilməyib.
Qeyd edək ki, Vıstropova və Hacıyevanın uğuru Azərbaycan boks tarixinə düşüb. Çünki bu qadın boksçularımızın beynəlxalq arenada əldə etdiyi ilk medallardır.
DOSTLARINLA PAYLAŞ: