Putin FİFA-ya müraciət edəcək?
17 Mart 2010 Çərşənbə 20:15
Putin FİFA-ya müraciət edəcək. Rusiya Dünya çempionatına ev sahibliyi etmək istəyir.
Rusiya Federasiyasının baş naziri Vladimir Putindən FİFA-ya müraciət etmək xahiş edilib. Daha öncədən Rusiyanın futbol üzrə 2018-ci il Dünya çempionatına ev sahibliyi etmək istəməsi barədə xəbərlər yayılsa da, bu gün baş nazirin müavini İqor Şuvalov məsələ ilə bağlı baş nazirə müraciət edib. Şuvalov bildirib ki, bir qayda olaraq böyük idman turnirlərinin keçirilməsi üçün müraciət ərizələrini dövlət liderlərindən biri yazır.
Baş nazirin müavini onu da xatırladıb ki, 2007-ci ildə Putinin müraciətindən sonra 2014-cü il Qış olimpiya oyunlarının Soçidə keçirilməsi barədə qərar qəbul edilib.
Futbol üzrə 2018-ci il Dünya çempionatının hansı ölkədə keçiriləcəyi isə FİFA tərəfindən bu ilin dekabrında açıqlanacaq. Dünya çempionatına ev sahibliyi etmək istəyənlər arasında Rusiyadan başqa İngiltərə, ABŞ, Avstraliya, Yaponiya, İspaniya və Portuqaliya (birgə), Hollandiya və Belçika (birgə) var. Cənubi Koreya və Qatar isə yalnız 2022-ci il Dünya Çempionatına ev sahibliyi etmək arzusundadır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: