Prezident Kuboku uğrunda turnirə start verilib
29 Aprel 2010 Cümə Axşamı 23:30
İlk turda yeganə qələbəni Məmmədyarov qazanıb.
Bu gün Bakıda şahmat üzrə beynəlxalq Prezident Kuboku uğrunda turnirə start verilib. Yarışdan əvvəl təşkil olunmuş mətbuat konfransında isə turnir iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıb. Mətbuat konfransında yığma komandamızın üzvləri də iştirak edib. Əvvəlcə Teymur Rəcəbov bu turnirdə qazanılacaq qələbənin onun üçün çox əhəmiyyətli olduğunu deyib. Onun həmkarı Şəhriyar Məmmədyarov isə bu yarışın keçirilməsini şahmat bayramına bənzədib. Daha sonra söz qonaq komandanın üzvlərinə verilib. Turnirin təşkilindən razı qalan rusiyalı beynəlxalq qrossmeyster Vladimir Kramnik güclü rəqiblərlə qarşılaşmağın maraqlı olduğunu vurğulayıb. Onun komanda yoldaşı macarıstanlı Yudit Polqar isə qələbələr seriyasını Bakıda davam etdirmək niyyətini açıqlayıb. Mətbuat konfransı başa çatdıqdan sonra turnirin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov çıxış edərək, iştirakçılara uğurlar arzulayıb. Mərasim yekunlaşan kimi birinci turun oyunlarına start verilib. İlk yarış günü hərəsində 4 şahmatçının olduğu 2 komanada qarşılaşıb.
Azərbaycan yığmasında Şəhriyar Məmmədyarov ilk görüşdə Yudit Polqarla qarşılaşıb. Bu dueldən Məmmədyarov qalib ayrılmağı bacarıb. Təəssüf ki, bu həmyerlilərimizin ilk turda qazandığı yeganə qələbə olub. Belə ki, Rauf Məmmədov Vladimir Kramniklə görüşdə şahının toxunulmazlığını təmin edə bilməyib. Digər təmsilçimiz Qədir Hüseynov isə Emil Sutovskinin gedişləri qarşısında aciz qalıb. Teymur Rəcəbov isə Amerika Birləşmiş Ştatlarından olan Qata Kamski ilə mübarizədə eyni aqibətlə üzləşib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: