Prezident Kuboku reqatasının proqramı müəyyənləşib
19 Mart 2009 Cümə Axşamı 13:20
Azərbaycan Milli Avarçəkmə Federasiyası tərəfindən birgə təşkil olunan yarış yeniyetmələr (U-18) və gənclər (U-23) arasında keçiriləcək

Martın 23-də Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris Mərkəzində start götürəcək akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə beynəlxalq “Prezident Kuboku” reqatasının iştirakçıları və proqramı müəyyənləşib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Avarçəkmə Federasiyası tərəfindən birgə təşkil olunan yarış yeniyetmələr (U-18) və gənclər (U-23) arasında keçiriləcək. 1995-1997-ci il təvəllüdlü avarçəkənlər isə turnirdə müsabiqədənkənar çıxış edəcəklər.

II Beynəlxalq “Prezident Kuboku” reqatasında Azərbaycan və Gürcüstan milli komandaları mübarizə aparacaqlar. Yarış Beynəlxalq Avarçəkmə Federasiyası (FİSA) və Beynəlxalq Kanoe Federasiyasının (İCF) qaydalarına uyğun aparılacaq. Akademik avarçəkənlər 2000 metr məsafəyə yürüşdə qüvvələrini sınayacaqlar. Onlar 1 nəfərlik (1x), eləcə də 2 nəfərlik qoşa (2x) və 2 nəfərlik təkavarlı (2-) qayıqlarda yarışacaqlar. Kayak və kanoeçilər isə 1 nəfərlik və 2 nəfərlik qayıqlarla (K-1, K-2, C-1, C-2) 200 metr, 500 metr və 1000 metr məsafələri qət edəcəklər. Turnirin proqramına əsasən, 23-24 martda akademik avarçəkənlər, 25-26 martda isə kayak və kanoeçilər mübarizə aparacaqlar. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar