Prezident idmançılara yeni mənzillərin orderlərini təqdim edib
18 Dekabr 2012 Çərşənbə Axşamı 19:53
Milli Olimpiya Komitəsində 2012-ci ilə yekun vurulub
Bu gün Milli Olimpiya Komitəsində (MOK) 2012-ci ilə yekun vurulub, idmançılara və məşqçilərə mükafatlar təqdim olunub. Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

MOK-un İcraiyyə Komitəsinin iclas salonuna toplaşanlar prezident İlham Əliyevi hərarətlə qarşıladılar. Dövlət başçısı mərasimdə nitq söyləyib.

Sonra prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə idmanın inkişafındakı xidmətlərinə görə Namiq Abdullayevə, Məmməd Eyvazova, Rəhman Hətəmova, Ceyhun Məmmədova Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adları təqdim edilib.

Respublikamızda idmanın inkişafında xidmətləri olan Yaşar Allahverdiyevə, Fikrət Südeifzadəyə və Ramiz Yusifova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib.

Sonra Olimpiya Oyunları çempionları Valeri Belenkiyə, Toğrul Əsgərova və Şərif Şərifova Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdlərinin verilməsi barədə dövlətimizin başçısının Sərəncamı oxunub.

Dövlət başçısı Toğrul Əsgərova və Şərif Şərifova MOK-un “Olimpiya” ordenini təqdim edib.

Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafındakı xidmətlərinə görə Eldar Qazıbəyov, Zaur Paşayev və Sadiq Heydərov MOK-un prezidentinin fəxri fərmanı ilə təltif olunublar.

Daha sonra prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançı və idman xadiminə yeni mənzillərin orderlərini təqdim edib.

Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan “Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova medalların hazırlanması üzrə tanınmış mütəxəssis İvan Kopıtkinin müəllifi olduğu ulu öndər Heydər Əliyevin barelyefini prezident İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyev bir daha idmançıları təbrik edib, onlara işlərində uğurlar arzulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar