“Porto” “Spartak”ı növbəti dəfə darmadağın etdi
15 Aprel 2011 Cümə 00:18
Portuqaliya klubu Moskvada beş qol vurdu
Moskvanın “Spartak” klubu Avropa Liqasının ¼ Final mərhələsi çərçivəsindəki cavab oyununda da Portuqaliyanın “Porto” klubuna böyük hesabla məğlub olub. “Lujniki”də keçirilən qarşılaşma qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.
“Spartak” “Portu”ya cəmi 28 dəqiqə müqavimət göstərə bilib və Portuqaliya klubunun oyunçusu Xalk hesabı açıb. Birinci hissəyə əlavə edilmiş dəqiqələrdə Kristian Rodriges hesab arasındakı fərqi artırıb.
Moskva klubu növbəti qolun ikinci hissənin əvvəllərində buraxıb. Falkao cərimə meydançasına ötürmə edib və Fredi Quarin topu boş qapıda keçirib. “Spartak” 52-ci dəqiqədə Artyom Dzübanın qolu ilə hesab arasındakı fərqi azaldıb. Lakin bu hesab o qədər də uzun çəkməyib. Cəmi iki dəqiqə sonra Falkao fərqi yenidən üç topa çatdırıb. 72-ci dəqiqədə braziliyalı Ari “Spartak”ın ikinci qolunu vurub. Oyunda son nöqtəni isə Rüben Mikael qoyub - 5:2.
“Portu” yarımfinalda “Vilyareal” (İspaniya) - “Tvente” (Hollandiya) oyununun qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyunda ispanlar 5:1 hesabı ilə inamlı qələbə qazanmışdılar.
DOSTLARINLA PAYLAŞ: