Polyaklar Bakıda məğlubiyyətin əvəzini çıxmaq niyyətindədilər
03 Avqust 2010 Çərşənbə Axşamı 23:10
Qurban Qurbanov: “Futbolçuları psixoloji cəhətdən oyuna tam hazırlamağa çalışacağıq”.
“Qarabağ” futbol klubu Avroliqanın 3-cü təsnifat mərhələsində “Visla” (Krakov) klubuna qarşı keçirəcəyi cavab oyununun hazırlığını intensivləşdirib. İlk oyunda 1-0 hesablı qələbə qazanan ağdamlılar bu üstünlüyü cavab görüşündə də qorumaq niyyətindədirlər. Üstəlik səfər qələbəsi azarkeşlərimizi də ruhlandırıb. Matçın başlamasına 2 gün qalsa da, 8 min azarkeş artıq indidən biletini alaraq, “Qarabağ”ı dəstəkləyəcəyi günü gözləyir.
“Qarabağ” klubunun “Visla”ya qarşı keçirəcəyi oyunun hazırlığına bütün futbolçular qatılıb. Bu isə komandanın heyətlə bağlı heç bir probleminin olmadığı deməkdir. Səfərdə keçirilmiş ilk görüşdə qazanılmış minimal hesablı qələbədən sonra “Qarabağ”ın düşərgəsində özünəinam hissi nəzərə çarpır. Baş məşqçi Qurban Qurbanov ANS-ə müsahibəsində Krakov zəfərindən sonra məşqlərdə daha ciddi və daha aqressiv hazırlaşdıqlarını bildirib.
“Polşada rəqibi məğlub etmələrinə baxmayaraq, gənc mütəxəssis Bakıda işlərinin daha çətin olacağını da söyləyib. Baxmayaraq ki, ilk oyunda qalib gəlmişik, amma çox ciddi bir rəqibə qarşı oynayırıq. Bizi hələ ikinci oyun gözləyir. Polşa mətbuatı “Visla”nın Bakıya yüzdəyüz qələbə üçün gəldiyini yazır. Bu isə bizi çox çətin bir oyunun gözlədiyi deməkdir. Biz də öz növbəmizdə futbolçuları psixoloji cəhətdən oyuna tam hazırlamağa çalışacağıq. Bu oyun Polşadakından ən azı 3 dəfə çətin olacaq”,-deyə Qurban Qurbanov bildirib.
Bundan başqa, baş məşqçi ilk oyundakı start heyətini qorumağa çalışacağını da deyib. Qurban Qurbanov cavab qarşılaşmasında əsas taprışığın qol buraxmamaq olduğunu düşünür. Ağdamlıların məşqinə gəlincə, hazırlıqdan belə başa düşmək olar ki, futbolçular əsasən oyunda əks hücuma və uzaq məsafələrdən zərbələrə üstünlük verəcəklər. Qarabağın məşqində qısa ötürmələr və cinah keçidlərinə diqqət yetirilirdi. Komandamızın Polşadakı oyunda qəhrəmanlarından biri, 11 metrlik cərimə zərbəsini dəf edən qapıçı Fərhad Vəliyev isə “Visla” səddini aşacaqlarına idnandıqlarını söyləyib. Amma, o bununla kifayətlənmək istəmədiklərini də vurğulayıb.
“Qarabağ”ın rəqibi “Visla” isə Polşada son məşqini bu gün keçirib. Krakov təmsilçisi Bakıya sabah gələcək. “Visla” Bakı vaxtı ilə saat 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda oyun öncəsi son məşqinə çıxacaq. Polşalıların baş məşqçisi Henrik Kasperçak Bakı səfəri öncəsi yerli mətbuata açıqlamasında Azərbaycana əvəz çıxmağa getdiklərini deyib. Onun fikrincə, “Visla” nöbəti mərhələyə adlayacaq.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Visla” matçı üçün nəzərdə tutulan biletlərin satışı davam edir. Daha doğrusu, artıq biletlər tükənmək üzrədir. Çünki, iki gün ərzində nə az, nə çox, 8000 bilet satılıb. Bu isə qarşılaşmaya marağın necə olduğuna işarədir. Bilet əldə etmək istəyən azarkeşlər mərkəzi arenanın kassasına müraciət edə bilərlər. Qiymət isə 1 manatdan, 10 manatadək dəyişir. Onu da vurğulayaq ki, “Qarabağ” – “Visla” matçı avqustun 5-i, saat 21-də başlayacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: