Peşəkar bokçumuz hirsini kamerdan çıxardı
16 Aprel 2011 Şənbə 10:24
“Baku Fires”in finala yolu bağlandı
WSB liqasında mübarizə aparan “Baku Fires” peşəkar boks klubu turnirdə mübarizəsini başa vurub. Klubumuz yarımfinal mərhələsinin cavab qarşılaşmasında Fransanın “Paris United” klubuna böyük hesabla məğlub olub – 0:5. Parisin Palais Des Sports Marcel Cerdan kompleksində keçirilən döyüşdə fransızlar bütün çəki dərəcələrində boksçularımızı üstələyiblər.

85 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Rizvan Əlimuradov isə döyüş zamanı hakim haqsızlığı ilə üzləşib. Rəqibi Xrvoe Seplə döyüşdə açıq-aydın üstün olan boksçumuz sonda hakimlərin qərarı ilə məğlub elan olunub. Hakimlərin qərarına etiraz edən komandamızın baş məşqçisi Həmzət Ağayev və idmançımızın özü hakimlərə uzun müddət etiraz etsə də bu heç nəyi dəyişməyib.

Sonda əsəblərinə hakim ola bilməyən Rizvan Əlimuradov döyüşü lentə alan kameranı əvvəlcə yumruqla, sonra isə təpiklə vurub. Digər döyüşlərdə qeydə alınan nəticələri nəzərinizə çatdırırıq:

Nordin Oubaaali (Paris Yunayted 54 kq) – Tuqstcqot Nyambayar (Baku Fires)1:0,
Rəşid Əzzədin – Koba Pxakadze 1:0,
Mişel Tavares –Soltan Migitinov 1:0,
Filip Xrqoviç – Sergey Xaritonov 1:0.

Xatırladaq ki, “Baku Fires” aprelin 9-da Bakıda “Paris United”lə ilk qarşılaşmada 4:1 hesabı ilə qələbə qazanmışdı.




DOSTLARINLA PAYLAŞ:

oyunlar