Pençak silat çempionatı başa çatıb
    18 Fevral 2010 Cümə Axşamı 22:45
    Pençak silat çempionatında 7 idmançımızdan 5-i qızıl medal qazanıb
    
                	 
    
         Əlbəyaxa döyüş ustalarımız Özbəkistandan əli dolu qayıdıblar. Şərq döyüş növlərindən olan Pençak silat üzrə Açıq Asiya Çempionatında çıxış etmiş 7 idmançımızdan 5-i qızıl medal qazanıb. 
Özbəkistanın Səmərqənd şəhərində keçirilən Pençak silat döyüşü üzrə çempionatda 17 ölkənin nümayəndələri çıxış edib. Turnirdə Azərbaycanı ümumilikdə 7 döyüşçü təmsil edib. 
Həmyerlilərimizdən 54 kq çəki dərəcəsində çıxış etmiş Allahverdi Rəcəbov keçirdiyi bütün döyüşlərdə qələbə qazanaraq, fəxri kürsünün ilk pilləsinə çıxıb. Ağırlığı 70 kq olan Ramil Vəliyev də Özbəkistanda rəqib tanımayıb. 85 kq çəki dərəcəsində çıxış etmiş Məqami Bayramov da vətənə qızıl medalla qayıdıb. 60 kiloqram çəkidə yarışmış Elməddin Rüstəmovun da Açıq Asiya Çempionatında qazancı qızıl medal olub. 
Pençak silat ustası Pərvanə Ağaşirinli də Özbəkistanda bütün döyüşlərini qələbə ilə başa vuraraq 1-ci olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: