Otüstü hokkey üzrə XI Azərbaycan çempionatı başlayıb
14 Aprel 2012 Şənbə 21:29
Ötən ildən fərqli olaraq builki yarışlarda komandaların sayı 18 olub.
Bakı Otüstü Hokkey Kompleksində, habelə Masallı Olimpiya Kompleksinin stadionunda otüstü hokkey üzrə XI Azərbaycan çempionatı start götürüb. Ötən ildən fərqli olaraq builki yarışlarda komandaların sayı 20 deyil, 18 olub.

Ölkə birinciliyində zəif çıxış edən Bakının qadınlardan ibarət “Təhsil” və Masallının (Xırmandalı kəndi) kişilərdən ibarət “Viləş” komandaları mübarizədən kənarlaşdırılıblar. Birincilikdə daha bir dəyişiklik isə I və II dəstədə çıxış edən kişilərdən ibarət klubların eyni statusda, yəni II dəstədə yarışması olacaq ki, bu da mövsümün axırında Masallı və Bakı zonasında mübarizənin yekununda keçiriləcək pley-off oyunlarından sonra I liqanın yaradılmasıdır.

Yaz - payız sistemi ilə təşkil edilən ölkə çempionatının yüksək dəstəsində Bakının kişilərdən ibarət “Akkord” və “Atasport”, Qusarın “Şahdağ” və Sumqayıtın “Gənclik” klubları mübarizə aparacaqlar.

İkinci dəstədə “A” qrupunda (Bakıda) “Təhsil” (Sumqayıt), “Şəki”, “Gəncə” və Mingəçevirin “Kür”, “B” qrupunda (Masallıda) isə “Xəzər” (Lənkəran), “Astara”, “Göytəpə”(Cəlilabad) və “Olimp”(Masallı) komandaları yarışacaqlar. Oyunlarını Bakı şəhərində keçirən qadınlardan ibarət “Bakı”, “Atasport-2”, Qusarın “Samur” və “Şahdağ”, habelə “Xəzər”(Lənkəran) və “Sumqayıt” klubları dairəvi sistemlə yarışacaqlar.

Qadınlardan fərqli olaraq kişi hokkeyçilər I dövrədə bir-biri ilə 2 dəfə qarşılaşacaqlar. Mayın sonlarında komandalar birinci dövrəyə yekun vurduqdan sonra fasiləyə çıxacaqlar. II dövrənin oyunları isə sentyabrın axırlarında start götürəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar