Otüstü hokkey üzrə Azərbaycan çempionatına start verilib
19 Aprel 2009 Bazar 12:05
Çempionatın açılış matçında “Akkord” Cəlilabadın “Göytəpə” klubuna 11-1 hesabı ilə qalib gəlib

 

Aprelin 18-də Otüstü hokkey üzrə növbəti Azərbaycan çempionatının startı verilib. Federasiyanın yaranmasının 40 illiyinə həsr olunmuş çempionatın rəsmi açılış mərasimi keçirilib. Otüstü hokkey üzrə sayca 8-ci ölkə çempionatının açılış mərasimində Federasiyanın prezidenti Fazil Məmmədov, Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, eləcə də bu idman növünün veteranları iştirak ediblər.

Açılış mərasimində çıxışlardan sonra Azərbaycan bayrağı qaldırılıb. Daha sonra meydan iştirakçı komandaların ixtiyarına verilib. Qeyd edək ki, kişilər arasında komandaların sayı çox olduğuna görə 3 liqa yaradılıb. Bakının “Akkord” və “Atasport”, Qusarın “Şahdağ”, həmçinin Cəlilabadın “Göytəpə” kollektivləri yüksək liqada mübarizə aparacaqlar. Mingəçevirin “Kür”, Sumqayıtın “Gənclik”, Bakının “Təhsil” və Gəncənin eyni adlı kollektivi isə 1-ci liqada yüksək liqaya vəsiqə uğrunda yarışacaqlar. Astara, Şəki, Lənkəran, Masallı və Bakının Nizami rayonunun təmsilçiləri isə 2-ci liqada çıxış edəcəklər.

Çempionat 4 dövrədən ibarət olacaq. Hər bir komanda mövsüm ərzində 12 oyun keçirəcək. Qaydalara əsasən, liqada sonuncu yeri tutan klubu növbəti ölkə birinciliyində digər liqanın qalibi əvəzləyəcək.

Çempionatın açılış matçında “Akkord” Cəlilabadın “Göytəpə” klubuna 11-1 hesabı ilə qalib gəlib. Qadın hokkeyçilərin arasında isə 5 komanda qalib adına iddialıdır. Qadın hokkeyçilərin oyunlarına gələn həftə start veriləcək. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar