Onları çox ağır cəzalar gözləyir...
31 İyul 2013 Çərşənbə 22:07
Tuyqun Nadirov: Bu məsələlər klubun sirridir və ictimaiyyətə açıqlanmır.
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi

- Öncə klub rəhbərliyinin baş məşqçi və futbolçularla keçirdiyi toplantı haqda məlumat verməyinizi istərdik...
- Dünən axşam məşqindən sonra klub prezidenti Mais Mənsimovla uelsli mütəxəssis Con Toşak arasında görüş oldu. Komandanın bundan sonrakı taleyi, işlərin gedişi haqda ətraflı müzakirələr aparıldı. Təbii ki, bəzi məsələlər var ki, klub daxilində qalır. Yəni, bunlar klubun sirridir və ictimaiyyətə açıqlanmır. Bu gün səhər isə prezidenti baş məşqçinin iştirakı ilə futbolçularla da görüş keçirdi. Bəzi futbolçuların taleyinə aydınlıq gətirildi.

- Hayfa “Makkabi”sinə 0:8 hesablı məğlubiyyətə görə futbolçulara cərimə və ya xəbərdarlıq edildi?
- Təbii, bu, öz yerində. Məğlubiyyətin səbəbləri araşdırılır. Artıq bu məsələlər baş məşqçi ilə müzakirə olunur ki, komanda öz meydanında 0:8 hesabı ilə niyə uduzdu, ümumiyyətlə, Avropa Liqasında niyə belə zəif çıxış elədi. Klubun əsas problemlərindən biri transfer siyasətidir. Tez bir zamanda Toşakın inandığı hansısa şəxs yaxın 3 gün ərzində seleksiyaçı məşqçi vəzifəsinə təyin olunmalıdı. O, sırf bu işə cavabdehlik daşımalıdır. Yeni seleksiyaçı məşqçi heyətə layiq olan futbolçular cəlb etməlidi.

- Bəs müzakirə olunan digər məsələ nə idi?
- İkinci məsələ komandanın məşqçilər korpusunun güclənməyidir. Bunun üçün əlavə qüvvə cəlb olunmalıdır. Yəni, tək baş məşqçi və onun köməkçiləri yetərli sayılmır. Təbii ki, Toşak necə adlı-sanlı məşqçidirsə, ətrafındakı şəxslər də onun səviyyəsinə uyğun olmalıdı. Üçüncü məsələ isə Elnur Allahverdiyevlə bağlı idi. Onun azarkeşlərə qarşı o cür tərbiyəsiz hərəkəti yolverilməzdir. Ümumiyyətlə, təkcə Elnura yox, digər futbolçulara da açıqlandı ki, istər ev, istərsə də səfər oyunlarında buna oxşar hərəkət olsa, həmin şəxs dərhal komandadan uzaqlaşdırılacaq.

- Allahverdiyevin indiyədək sarı və qırmızı vərəqələri, yolverilməz hərəkətləri çox olub və rəhbərlik də yetərincə ona etimad göstərib. Belə çıxır ki, onun bağışlanmaq limiti artıq bitib...
- Bu, son xəbərdarlıq yox, artıq cəzadır. Nəzərə alaq ki, Elnur millinin də üzvüdür. Hər halda, klub rəhbərliyi buna görə onu əsas heyətdən kənarlaşdırmır. Ancaq digər tərəfdən, başqa cəzalar maddi baxımdan ən maksimum dərəcədə tətbiq olunur. Digər futbolçulara da son xəbərdarlıq olunub ki, azarkeşlərə qarşı bu kimi hərəkətlər edərlərsə, onları çox ağır cəzalar gözləyir.

- Yeni məşqçilərlə bağlı konkret namizədlər varmı?
- Seleksiyaçı məşqçinin adı klub prezidentinin göstərişi ilə 3 gün ərzində açıqlanmalıdır. Gələn ayın sonunadək isə yeni köməkçi məşqçinin adı müəyyənləşməlidi. Yəni 1 aya məşqçilər korpusu tam formalaşdırmalıdır.

- Elə “transfer pəncərəsi”nin bağlanmağına da 1 ay qalıb. Komandadan çıxarılan futbolçulardan sonra boşluqları necə doldura, heyəti gücləndirə biləcəksiniz?
- Bu günkü toplantıda da qeyd olundu; klubun rəhbərliyi, İdarə Heyəti baş məşqçisinin arxasındadır. Heyətin hər hansı üzvünü baş məşqçi istədiyi vaxt göndərə bilər. Fərqi yoxdur, kim olur olsun. Buna görə də futbolçular düşünməlidirlər. İstisna etmirəm ki, bu ayın sonuna kimi hansısa futbolçular yola salınsın.

- Yəni gedənlərin davamı olacaq?
- Təbii. Heyətdən kənarlaşdırılan 4 futbolçuya qoşulanların olacağı gözlənilir. Baş məşqçi lazım bilərsə, yenə gedənlər olacaq. Təbii ki, bu yöndə bir neçə namizədimiz də var. Bu, o demək deyil ki, 0:8 hesablı məğlubiyyətin səbəbi bu 4 futbolçuda idi. Yəni, burada söhbət ümumi çıxışdan gedir. Komandanın 9-cu yeri tutandan sonra göstərdiyi oyun, bunlar hamısı nəzərə alınır. 4 futbolçu göndərildi, bununla iş bitdi? Xeyr, belə deyil. Araşdırmalar davam edir.

- Hesabın 0:8 olmağı mərc oyunlarında “7 qol+”ə pul qoyuluşuna işarə vurur. Futbolçuların kiminsə buna pul qoyub, maraqlı olmağını nə dərəcədə real sayırsınız?
- Araşdırmaların içində bu variant da var. Bir neçə beynəlxalq şirkət var ki, onlara müraciət etmişik. Buna bir müddət sonra aydınlıq gələcək ki, futbolçulardan kimsə hesaba pul atıb, yoxsa yox. Heç bir adam komandanın çıxışına görə cəzasız qalmayacaq. Buna yüz faiz əmin ola bilərsiniz.

- Qarşıdan “Xəzər Lənkəran”ın 10 illik yubileyi gəlir. Çempionluqla qeyd etmək istədiyiniz mövsüm 2 gün sonra start götürəcək. Necə düşünürsünüz, komandanın hazırkı psixoloji durumu startda öz mənfi təsirini göstərə bilər?
- Bu gün bəzi futbolçuların müvəqqəti saxlanmağının səbəbi də odur ki, çempionatda uğurlu start olsun. Çempionatda xal itirməyə haqqımız yoxdur. Böyük işin başlanğıcında səhv etməməliyik.


DOSTLARINLA PAYLAŞ:

oyunlar