Ölkəmizi 7 damaçı təmsil edəcək
15 Aprel 2010 Cümə Axşamı 21:15
Ukrayna turniri 4 yaş qrupu üzrə keçiriləcək. Ölkəmizi 7 damaçı təmsil edəcək.
Aprelin 22-30-da Ukraynanın Xerson şəhərində gənclər arasında rus daması üzrə Avropanın şəxsi-komanda çempionatı başlayacaq. Çempionat 4 yaş qrupu üzrə keçiriləcək: 1991-1993-cü il təvəllüdlü gənclər, 1994-1996-cı il təvəllüdlü kadetlər, 1997-1999-cu il təvəllüdlü kiçik kadetlər və 2000-ci il təvəllüdlü ümidvericilər.

Yarışın klassik, sürətli və ildırım sürətli proqramlar üzrə keçirilməsi nəzərdə tutulub. İştirakçıların sayından asılı olaraq turnir 9 turdan ibarət İsveçrə sistemi, yaxud dairəvi sistem üzrə keçiriləcək.

Azərbaycanı Xersonda Avropa çempionatının ikiqat bürünc mükafatçısı Aslan Aslanlı (19 yaşadək), Azərbaycan çempionu Sidqi Samanduyev (16 yaşadək), ölkə birinciliyinin gümüş mükafatçısı Vüqar Babayev, bürünc mükafatçısı Anar İsmayılov, dünya və Avropa çempionu Famil Kamilli (hər üçü 13 yaşadək) və 10 yaşadək damaçılar arasında ölkə çempionu sumqayıtlı Fərid Qəniyev təmsil edəcəklər. Qızların turnirində isə Leyla Nəcəfova (19 yaşadək) mübarizə aparacaq. Qitə birinciliyində damaçılarımızı Azərbaycan Dama Federasiyasının vitse-prezidenti Boris Muşailov müşayiət edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar