Olimpiya çempionu qızıl medaldan imtina etdi
20 Fevral 2013 Çərşənbə 17:39
Valentin Yordanov güləşin Olimpiya oyunlarından çıxarılmasına etiraz edib.
Bolqarıstan Güləş Federasiyasının prezidenti, Olimpiya çempionu Valentin Yordanov qızıl medaldan imtina edib. ANS PRESS-in “gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, keçmiş güləşçi güləşin Olimpiya oyunları sırasından çıxarılmasına etiraz əlaməti olaraq bu addımı atıb. Valentin Yordanov bu qərara etiraz əlaməti olaraq Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqa da məktub göndərib:

“Bu jestimlə BOK-a çatdırmaq istəyirəm ki, güləşin Olimpiya oyunlarından çıxarılmasına heç bir halda yol vermək olmaz. Güləş bir çox dövlətlər üçün aparıcı idman növü sayılır, bu, qədim Yunanıstanda Olimpiya idman növlərinə daxil edilib. BOK öz qərarı ilə idmanın ənənəsini və tarixini məhv edir. Mən qızıl medalımla yanaşı, bu qurumun prezidentinə “Bolqarıstan şöhrəti” adlı kitabımı da göndərirəm. Orada vətənimdə güləşin inkişafının tarixi, uğurları, həmçinin dahi bolqarıstanlı çempion güləşçilər haqda yazılıb”.

Keçmiş güləşçi 1996-cı ildə 52 kq çəki dərəcəsində sərbəst güləş üzrə Olimpiya çempionu, 1992-ci ildə Olimpiyanın bürünc mükafatçısı olub, 7 qat dünya çempionu və 8 qat qitə birincisidir.

Xatırladaq ki, BOK-un fevralın 12-də keçirilən toplantısında güləşin olimpiya idman növləri sırasından çıxarılması barədə qərar verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar