Nyu-Yorkda 102 mərtəbəli göydələn Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq
04 Avqust 2012 Şənbə 00:50
İşıqlandırma aksiyası göydələnin Yay Olimpiya Oyunlarında iştirak edən dövlətlərə ithafıdır.
Dünyanın ən məşhur göydələnlərindən biri, Manhettenin “Empire State Building” binası avqustun 8-də Azərbaycanın dövlət bayrağının rənglərinə bürünərək Nyu-York şəhərini işıqlandıracaq. Bu barədə “Empire State Building”in mətbuat xidmətinin məlumatında bildirilir. İşıqlandırma aksiyası göydələnin Londonda keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən dövlətlərə ithafıdır.

Bu günlərdə “Empire State Building”in hər dörd tərəfi gecələr şüalarla Olimpiya Oyunları ölkələrindən birinin dövlət bayrağı rənglərinə boyanır. Beləliklə, avqustun 8-də məşhur binanın cənub tərəfi yaşıl, qırmızı və göy rənglərlə işıqlandırılacaq və Azərbaycan Respublikasının Olimpiya Oyunlarında iştirakını qeyd edəcək.

Avqustun 11-də isə binanın şimal divarı Türkiyənin dövlət bayrağının qırmızı rəngini alacaq.

1929-cu ildə tikilən 102 mərtəbəli “Empire State Building” Manhettenin mərkəzində 5-ci prospektin və 34-cü küçənin kəsişməsində yerləşərək təkcə Nyu-York deyil, bütün Birləşmiş Ştatların rəmzlərindən biridir. Dünyanın hər yerindən üst mərtəbəsindəki rəsədxanaya milyonlarla turist cəlb edən bu göydələnin müxtəlif rənglərə işıqlandırılması Nyu-York şəhərinin mədəni həyatında əsl hadisəyə çevrilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar