Növbəti mövsümdə Unibank Premyer Liqasının qalibi 150 min manat mükafat alacaq
21 İyul 2010 Çərşənbə 02:25
II yeri tutan komanda 100 min, III yeri tutan komanda 70 min, Azərbaycan kubokunun sahibi isə 100 min manat qazanacaq.
“Unibank Premyer Liqasının yeni mövsümundə ötən mövsüm olduğu kimi eyni toplarla oynanılacaq”. Bunu Unibank Premyer Liqasının 2010-2011-ci il mövsümünün püşkatma mərasimindən sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. Onun sözlərinə görə, keçən il tətbiq edilən "altılıq" sistemi özünü doğruldub: “Çempionun son saniyələrdə bilinməsi, həmçinin, bu mövsüm avrokuboklarda komandalarımızın göstərdikləri oyun buna sübutdur. Bu il də eyni sistem tətbiq olunacaq, lakin final mərhələsindəki "qızıl xallar" prinsipi ləğv olunur, komandalar təsnifat mərhələsində topladığı xallarla çempionata davam edəcək. Mətbuat nümayəndələri ikinci dövrənin sonlarında ilk "altılıq" komandaları ilə ikinci "altılıq" komandaları arasında maraqsız oyunlar keçdiklərini bildirirdilər. Yeni mövsümdə də, KİV nümayəndələri II dövrənin sonlarına yaxın bu cür nöqsanlardan danışacaq, yenə də söz-söhbətlər gedəcək. Əgər kiminsə başqa təklifi varsa, təklif edə bilər. Mən çempionatın keçən il olduğu formatda keçirilməsinin tərəfdarıyam. Çünki oyunların maraqsız keçməsini bütün komandalara aid etmək olmaz. Mətbuat nümayəndələri yazırdı ki, ilk və ikinci altılıq komandaları arasında oyunlar maraqsız idi, amma əsas odur ki, danışılmış oyun olmadı. Biz bu cür söz-söhbətlərə hazırıq. Daha bir yenilik isə təqvimin sxemi ilə bağlıdır. Qərara aldıq ki, sovet dövründən qalmış köhnə sxemin əvəzinə yeni sxem tətbiq edək. Bu zaman komandalar oyunları bir-birinin ardıcıllığı ilə keçirmir. Bu baxımdan yeni sistemin daha düzgün olduğunü düşünürəm. Yeni sistemə əasasən komandaların oyun ardıcıllığı dəyişilib. Məsələn, "Neftçi" ilk turda "Qarabağ" qarşılaşırsa, cavab oyunu 15-ci tura təsadüf edi. "Altılıq"larda isə bir neçə komanda 2 oyunu ardarda doğma meydanda keçirəcək, çünki bu qaçılmazdır. "Altılıq" sistemi bu mövsüm də özünü doğrultsa, PFL-in prezidenti olduğum müddətdə çempionat bu sistemlə keçiriləcək”.
Ramin Musayev deyib ki, ölkə kubokunun finalının Gəncədə keçirilməsi arzulansa da, şəhər stadionu kubokun finalına tam hazır deyildi. O məlumat verib ki, mövsümün daha bir yeniliyi isə mükafatlandırma ilə əlaqədardır: “Unibank Premyer Liqasının qalibinə 150 000, II yeri tutan komandaya 100 000, III yeri tutan komandaya isə 70 000 manat mükafat veriləcək. Azərbaycan kubokunu qazanmış komanda 100 000, finalçısı isə 50 000 manata sahib çıxacaq. I divizionda isə mükafatlandırma ötən mövsüm olduğu kimi qalacaq. Yeni mövsümdən etibarən Unibank Premyer Liqasının və Azərbaycan kubokunun yayım hüququ klublara verilib. Lakin əgər ev sahibi komanda oyunu yayımlaya bilməzsə, səfər komandası müqaviləsi olan televiziya kanalı vasitəsi ilə oyunu yayımlaya bilər. Ötən mövsüm yayımla bağlı bir çox iradlar oldu, lakin nəzərə almaq lazımdır ki, bir sıra kanalların oyunu canlı yayımlamaq üçün texniki imkanları kifayət qədər deyil. Bu il təqvimdə təxirə salmalar olmayacaq. Yeni mövsümün təqvimi milli komandanın baş məşqçisi ilə birlikdə tərtib olunub. Lakin ehtiyac olduğu təqdirdə təqvimə müəyyən dəyişikliklər edilə bilər. Oyunların başlama saatı PFL-in və televiziya kanallarının qarşılıqlı razılığı əsasında təyin olunacaq”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: