Nizami Paşayev dünya çempionatından imtina etdi
11 Avqust 2010 Çərşənbə 22:40
Bu haqda Avropa və ikiqat dünya çempionu Nizami Paşayev özü məlumat verib.
Azərbaycanın ən titullu ağırlıqqaldıranı Nizami Paşayev sentyabrın 17-də Türkiyənin Antalya şəhərində start götürəcək dünya çempionatına qatılmayacaq. Bu haqda Avropa və ikiqat dünya çempionunun özü məlumat verib.

Paşayevin sözlərinə görə, buna bir neçə gün öncə sağ diz meniskindən əməliyyat olunması səbəb olub. Artıq bir ildir ki, bu zədədən əziyyət çəkən idmançımız əməliyyatın uğurla keçdiyini bildirib. Onun yaxın günlərdə məşqlərə başlamasına icazə verilsə də, dünya çempionatına lazımi səviyyədə hazırlıq üçün kifayət qədər vaxtı olmayacaq. Eyni zamanda yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi postunda çalışan 29 yaşlı atletimiz yetirməsi Nicat Rəhimovu avqustun 14-də Sinqapurda start götürəcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına aparacaq. Avqustun 27-də Vətənə qayıdacaq Paşayev qarşıdakı dünya çempionatını buraxacağını bildirib.

Qeyd edək ki, sentyabrın 26-dək davam edəcək dünya çempionatı 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq iki yarışdan biridir. Digər lisenziya xarakterli turnir 2011-ci ildə Fransanın paytaxtı Parisdə təşkil olunacaq dünya çempionatı olacaq. Nizami Paşayev məhz Parisdəki mundiala qatılmaq istədiyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar