Neftçi - Xəzər Lənkəran
12 Aprel 2009 Bazar 14:15
Ağasəlim Mircavadov hər iki komandadan yaxşı oyun gözləyir

 

Bu gün Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində bu gün möhtəşəm "Neftçi"-"Xəzər Lənkəran" qarşılaşması keçiriləcək. Daha öncə hər iki komanda ilə Azərbaycan çempionluğu yaşamış məşqçi Ağasəlim Mircavadov, bu oyunda hər iki komandadan gözəl oyun gözləyir. ANS PRESS-ə müsahibə verən təcrübəli futbol adamı, hər iki komandada güclü oyunçuların olduğunu və çox gərgin oyun keçəcəyinə inandığını bildirib.

- Hər iki komandada çalışmış mütəxəssis kimi bu oyun barədə nə deyə bilərsiniz?
- Bu komandaların oyun ətrafında hər zaman böyük söhbətlər olur. Bu oyuna hər iki komanda güclü çox güclü hazırlaşır. "Neftçi" "Xəzər-Lənkəran" oyunlarında hər zaman güclü azarkeş ordusu olur, stadiona 20-25 min azarkeş toplaşır. İstərdim ki, yenə də belə azarkeş toplusu olsun. Hər iki komandanın azarkeşləri stadiona gələrək komandalarını dəstəkləsinlər. Yaxşı, gərgin oyun keçməsini arzulayıram. Çempionatımızda yaxşı, gərgin oyunlar az olur. Bu iki klub arasında hər zaman gözəl idman mübarizəsi olub, bu oyunda da ənənənin davam etməsini istərdim.

- Heyət baxımından dəyərləndirsək, hansı komandanın qələbə qazanmaq şansı daha yüksəkdir?
- Mən hər iki komandada işləmişəm, necə heyət olur-olsun oyunçular özlərini bu oyuna hazırlayırlar. Oyunçular belə oyunlara daha çox köklənirlər, azarkeşlərin də dəstəyi ilə komandalar yaxşı oyun göstərərək qələbə qazanmaq üçün var gücləri ilə oynayırlar. Hər hansı klubun, oyunçunun adını çəkmək istıməzdim. Hər iki komandada güclü oyunçular var. Mən belə düşünürəm ki, çox gərgin, yaxşı oyun olacaq.

- ”Neftçi” çempionluq şanslarını itirib, komanda bu oyunda “Xəzər-Lənkəran”a hər hansı güzəşt edə bilərmi?
- Mən buna inanmıram. Mən hər hansı bir klubda çalışanda azarkeşləri fikirləşmişəm. Azarkeşlər stadiona gəlir, onların qayğısına qalmaq, həyəcanlarına şərik olmaq lazımdır. Yaxşı oyun oynayaraq azarkeşləri sevindirmək lazımdır.

- Ağasəlim müəllim, sizcə komandalar bu oyunda hücum, ya müdafiə futboluna üstünlük verəcək?
- Hər məşqçinin öz futbol fəlsəfəsi var. Ona görə də, bu barədə mən bir söz deyə bilmərəm. Qələbə qazanmaq üçün hansı taktikanı seçirsə, istəyirsə əlbətdə bu yaxşı cəhətdir.

- Bu oyunla bağlı proqnozunuz nədir, sizcə hesab necə olacaq?
- Mən heç vaxt proqnoz vermirəm. Yaxşı, gərgin oyun arzulayıram. Kim güclüdür, o da qalib gəlsin.

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar