“Neftçi”nin yeni supertransferi Rodriqinyo danışdı
03 Fevral 2011 Cümə Axşamı 15:50
"Bir "ağ-qara" formanı digər "ağ-qara" formaya dəyişdiyim üçün çox şadam"
"Neftçi" PFK Braziliyanın məşhur "Santos" klubunun yarımmüdafiəçisi Rodriqinyo ilə 2 illik müqavilə imzalaması ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, dünən Antalyaya gələn və dərhal tibbi baxışdan keçən Rodriqinyo axşam məşqinə də komanda ilə birgə çıxıb.
Transferlə bağlı "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov bunları deyib: "Mənim Antalyada komandanın yanında olmağımın bir səbəbi "Neftçi"nin məşqlərini, oyunlarını izləmək, futbolçularla, məşqçilərlə görüşmək idisə, digər tərəfdən də qış transfer mövsümündə dəvət olunan oyunçularla müqavilələri bağlamaq idi. Əsas məqsədimiz söz verdiyim kimi, supertransferi reallaşdırmaq idi. Bu gün "Neftçi" azarkeşlərinə şad xəbər verə bilərəm. Artıq braziliyalı məşhur futbolçu Rodriqinyo (Rodriqo Cesar Kastro Kabral) "Neftçi"nin oyunçusudur. Dünya səviyyəli "Santos" klubunun heyətində çıxış edən futbolçunu Azərbaycana gətirmək heç də asan deyil. Ötən mövsümün sonunda 13-14 legionerlə yollarımızı ayıraraq, bu transferləri reallaşdıraraq, "Neftçi"nin hansı hədəflərə nail olmaq istədiyini açıq-aşkar göstərdik. Ən əsası da biz komandaya 15-20 legioner cəlb etmək istəmirik. Az sayda səviyyəli legionerlərin transferi, yerli gənclərin onlarla birgə heyətdə çıxış etməsi nəinki "Neftçi", eləcə də Azərbaycan milli komandası üçün də faydalıdır".
Dünən ilk məşqinə çıxan Rodriqinyo da qısa fikirlərini bildirib: "Məni israrla "Neftçi"də görmək istədiklərinə görə, klub rəhbərliyinə və baş məşqçiyə təşəkkürümü bildirirəm. Düzü, bir az tərəddüd edirdim. Çünki mən "Santos"un heyətində oynayırdım və baş məşqçimiz də məni komandadan buraxmaq istəmirdi. Danışıqlar getdiyi bu aylar ərzində "Neftçi", Azərbaycan, Bakı şəhəri ilə maraqlanmağa başladım. Azərbaycanda çıxış edən digər braziliyalı futbolçuların "Neftçi" haqqında fikirlərini öyrəndim. Onlar hamısı "Neftçi"nin Azərbaycanın ən güclü klubu olduğunu bildirdilər. Ən əsası da Çempionlar Liqası və ya Avropa Liqasını hədəfləyən "Neftçi"nin heyətində məqsədimizə birgə çatacağımıza inanıram.
Bir "ağ-qara" formanı digər "ağ-qara" formaya dəyişdiyim üçün çox şadam. Antalyaya gəlib, "Neftçi" ilə müqavilə bağlayarkən, klub prezidenti ilə səmimi söhbətimdə bir daha əmin oldum ki, seçimimdə yanılmamışam".
Qeyd edək ki, Rodriqinyo 19 yaşında "Atletiko Paranaense" klubunun heyətində Braziliya çempionu adını qazanıb. Ulduz futbolçu son mövsümdə "Santos"un heyətində 27 görüşdə meydana çıxıb və rəqib qapılarından 2 top keçirib. Rodriqinyonun Braziliya çempionatında vurduğu möhtəşəm qolun videosunu sizə təqdim edirik.