“Neftçi”nin qələbəsinə kölgə salına bilər
14 Noyabr 2010 Bazar 15:45
“Muğan” hakimdən AFFA-ya şikayət etməyi planlaşdırır.
“Muğan” futbol klubu “Neftçi” ilə oyunda hakimlik etmiş Anar Salmanovun idarəçiliyindən narazıdır. “Muğan” futbol klubunun mətbuat xidmətinin rəhbəri Rövşən Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, baş hakim oyun zamanı “Neftçi”nin müdafiəçisinin cərimə meydançasında əllə oynamasına baxmayaraq penalti zərbəsi təyin etməyib.

“Muğan”ın mətbuat xidmətinin rəhbəri klubun baş hakim Anar Salmanovun idarəçiliyi ilə bağlı AFFA-ya şikayət edəcəyini bildirib. Bunun üçün yaxın günlərdə oyunun videoyazısına baxılaraq həmin epizodda müdafiəçinin həqiqətən əllə oynadığının müəyyənləşdirilməsi lazımdır. Yalnız bundan sonra klub rəsmi şəkildə şikayət ünvanlayacaq.

Xatırladaq ki, “Muğan” – “Neftçi” matçında “Muğan”nın bütün futbolçuları baş hakim Anar Salmanovdan penalti təyin etməsini tələb etmişdilər. Belə ki, onlar hesab 0:1 olarkən “Flaqman”ın futbolçusunun cərimə meydançasında əllə oynadığını iddia etmişdilər. Qarşılaşma yekunda 3:0 hesabı ilə “Neftçi”nin qələbəsilə yekunlaşmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar