Neftçi lənkəranlılarla heç-heçə etdi
24 Mart 2012 Şənbə 18:58
“Bakı” klubu öz meydanında “Qarabağa” məğlub olub.
Bu gün Unibank Premyer Liqasında XXV turun oyunlarına start verilib. ANS PRESS-in Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Turun ilk matçı paytaxtda keçirilib. Gəncənin "Kəpəz" klubunu qəbul edən Bakının AZAL klubu matçın 59-cu dəqiqəsində Nuqzar Kvirtiyanın qolu ilə önə keçib. 72-ci dəqiqədə Georgi Bogihu fərqi 2:0-a çatdırıb. Matç elə bu hesabla da başa çatıb.

Digər paytaxt təmsilçisi "Bakı" isə öz meydanında Ağdamın "Qarabağ" klubu ilə qarşılaşıb. 8-ci dəqiqədə Maksim Medvedev hesabı açıb. İkinci hissənin əvvəlində Vaqif Cavadovun qolu ilə "Qarabağ" 2 top fərqi ilə önə keçib. 72-ci dəqiqədə "Bakı"nın heyətində Rəhman Hacıyev hesab arasındakı fərqi azaldıb (1:2). 80-ci dəqiqədə Koko penalti zərbəsini qaçırmaqla "Bakı"nın bərabərlik ümidlərinə son qoyub.

Son turlar uğurla çıxış edən "Qəbələ" klubu doğma meydanda çempionluq uğrunda mübarizə aparan "İnter"i qəbul edib. Matçın ilk hissəsi qolsuz başa çatıb. 61-ci dəqiqədə "Qəbələ"nin oyunçusu Yannik Kamananın qoluna 76-cı dəqiqədə “İnter”li Nizami Hacıyev cavab verib. Matçın sonuna 7 dəqiqə qalmış Deon Barton "Qəbələ"nin qələbə topunu vura bilib: 2:1.

Azərbaycan çempionatının şəriksiz lideri "Neftçi" isə bu tur əzəli rəqibi "Xəzər Lənkəran"la qarşılaşıb. "Böyük oyun"da ilk qol "Neftçi"dən gəlib. Ruslan Abışov 26-cı dəqiqədə lənkəranlıları məyus edib. Bu azmış kimi, birinci hissənin sonlarında Flavinyo penaltini qaçırıb. 55-ci dəqiqədə Rahid Əmirquliyev hesabı bərabərləşdirib (1:1).

Qeyd edək ki, XXV tura sabah 2 oyunla yekun vurulacaq. Sabah saat 14:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sumqayıt” – “Simurq”u, Tovuz şəhər stadionunda isə “Turan” – “Rəvan”la qarşılaşacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar