Neftçi klubunun Çempionlar Liqasındakı ümidləri puça çıxdı
14 İyul 2011 Cümə Axşamı 01:02
Azərbaycanın ən adlı-sanlı klubu Neftçi klubu Zaqrebdə qapısından üç cavabsız qol buraxdı.
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycanın “Neftçi” klubunun debütü uğursuz alınıb. Zaqerbdə yerli “Dinamo” ilə qarşılaşan komandamız böyük hesablı məğlubiyyətə uğrayıb.

Oyunda hesab 38-ci dəqiqədə açılıb. “Dinamo”nun ilk qolunu kapitan Milan Badelj vurub. O, Alessandro da Silvanın səhvindən məharətlə istifadə edib. Komandalar fasiləyə meydan sahiblərinin bir topluq üstünlüyü ilə yollanıblar. İkinci hissə başlayan kimi “Neftçi” qapısında daha bir qol görüb. Bu dəfə İvan Krstanoviç fərqlənib - 2:0. Zaqrebliləri iki qolluq üstünlük də qane etməyib və onlar “Neftçi”ni üçüncü dəfə də məyus etməyi bacarıblar. 65-ci dəqiqədə İvan Krstanoviç penaltidən özünün ikinci, komandasının isə üçüncü qoluna imza atıb. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Azərbaycanın ən adlı-sanlı klubu olan “Neftçi”nin Çempionlar Liqasında mərhələ adlamaq ümidləriin puça çıxmış saymaq olar. İlk oyunda böyük hesablı məğlubiyyət “Neftçi”nin işini əməlli-başlı çətinə salıb. Komanda növbəti mərhələyə vəsiqə qazanmaq ümidlərini bərpa etmək üçün Bakıda ən azı üç cavabsız qol vurmalıdır. Bakıya xeyli arxayın gələcək təcrübəli “Dinamo” qarşısında bunu etmək isə mümkünsüz görünür. “Dinamo” Azərbaycandakı oyunda bircə qol vurmaqla növbəti mərhələdəki rəqibi barədə düşünə bilər. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar