Neftçi klubu qələbəni əldən verdi
13 Mart 2013 Çərşənbə 08:17
Bakı və Neftçi 90 dəqiqənin sonunda qalibi müəyyən edə bilmədilər.
Topaz Premyer Liqasının 23-cü turunda paytaxt derbisində qarşılaşan “Bakı” və “Neftçi” 90 dəqiqənin sonunda qalibi müəyyən edə bilmədilər – 1:1.

Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “İstədiyimiz baxımlı oyunu göstərə bilmədik. Hava şəraiti də müəyyən qədər oyuna təsir etdi. İki fərqli hissələr izlədik. “Bakı” hesabda geri olduğundan ikinci hissədə daha çox hücuma atıldı. Bizim futbolçular həm müdafiədə, həm də hücumda hava ötürmələrindən istifadə edirdilər. Onlara isə ötürmələri yerlə vermək tapşırmışdım. Cavid İmamverdiyev oyuna əvəzetmədən daxil olsa da, heç nə ilə yadda qalmadı və zədələndi. Elvin Yunuszadəyə Marius Penaya qarşı diqqətli oynamağı tapşırmışdım, onun başla yaxşı oynadığını demişdim. Qarşıda 18 günlük fasilə olacaq, 10 futbolçumuz milli komandalara yollanacaq. Dünyanın aparıcı ölkələrində milli komandanın toplanışı üç gün olur, bizdə isə 18 gün”.

Bojidar Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Oyun bizim üçün xüsusi, bir o qədər də çətin oldu. Son bir ay ərzindı oynadığımız oyunlarda uğurlu nəticələr əldə etdik. İlk dəqiqələrdən yaxşı oyun göstərdik, qol imkanlarımız oldu. Araz Abdullayev hissənin sonunda qapımıza qol vurdu. İkinci hissədə qapıya 8 zərbəmiz oldu, 11 metrlik cərimə zərbəsi qazandıq, qapı tirindən dönən topumuz oldu və gözəl qol vura bildik. Oyunda qalib gələ biləcəyimizi düşünürəm. Külək də müəyyən qədər oyuna təsir etdi. Futbolçularımı bu nəticə ilə təbrik edirəm. Azərbaycan milli komandasına qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar