Neftçi klubu Antalyada beynəlxalq turnirə qatılacaq
07 Yanvar 2012 Şənbə 21:03
Flaqman Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək.
Türkiyənin Antalya şəhərində Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Yarışa "Neftçi" PFK da dəvət alıb.

ANS PRESS-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirdə Azərbaycan komandası ilə yanaşı, Rusiyanın "Terek Qroznı", Ukraynanın "Metallist Xarkov", "Obolon Kiyev", Polşanın "Poloniya Varşava", Rumıniyanın "Rapid Buxarest", Özbəkistanın "Paxtakor", eləcə də Çinin "BİT FC Pekin" klubları da iştirak edəcək.

Oyunlar hərəsində 4 komanda olmaqla 2 yarımqrupda keçiriləcək. Qrupların tərkibi yanvarın 27-də keçiriləcək püşkatma nəticəsində müəyyələcək. Hər qrupda 1-ci yeri tutacaq komanda finala vəsiqə əldə edəcək.

Final matçı "Antalyaspor"un ev oyunlarını keçirdiyi "Mardan" stadionunda baş tutacaq. Yarışın mükafat fondu 170 min ABŞ dolları təşkil edir. Turnirin oyunlarını Əhməd Kadırovun oğlu, Çeçenistanın hazırki prezidenti Ramzan Kadırov da izləyəcək. Fəxri qonaqlar arasında yaxın keçmişin dünyaca məşhur hakimləri italiyalı Pyer Luici Kollina və Roberto Rosetti də yer alacaq.

Yanvarın 28-də start götürəcək turnirin final matçı fevral ayının 3-də baş tutacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar