"Neftçi" Azərbaycanın ən yaxşı klubu seçilib
26 Noyabr 2010 Cümə 18:45
İFFHS XXI əsrin ilk 10 ilinin ən yaxşı klublarının reytinqini açıqlayıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ilk 10 ilinin ən yaxşı klublarının reytinqini hesablayıb. “Köhnə qitə”nin ən güclüsü İspaniyanın “Barselona” klubudur – 2459 xal. İngiltərə təmsilçilərindən “Mançester Yunayted” ikinci, “Liverpul” isə 3-cü yerdədir – müvafiq olaraq 2436 və 2362 xal.
İlk “onluq”da İngiltərənin “Arsenal” (2348), İtaliyanın “İnter” (2275) və “Milan” (2237), Almaniyanın “Bavariya” (2231), İspaniyanın “Real” (2168), həmçinin İngiltərə və İtaliyanın hərəsindən daha bir komanda - “Çelsi”(2165) və “Roma”(1959) yer alıb.
Hesabında 1459 xal olan “Qalatasaray” 29-cu pillədədir. İstanbul təmsilçisi, həm də ölkəsinin ən yaxşısıdır. Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor” isə 102 xalla Avropanın 759-cusudur.
Azərbaycan siyahıda 12 klubla təmsil olunub. Son 10 ildə göstərdiyi nəticələrə əsasən, “Neftçi” ölkəmizin ən yaxşı təmsilçisi hesab olunub. Bakılılar Avropada 314-cü yerdədir ki, buna iki dəfə Çempionlar Liqasında mərhələ keçməyin böyük rolu olub.
Nisbətən zəif sayılan Avroliqada daha uzağa – pley-off mərhələsinə 2 dəfə yüksələn “Qarabağ” son 2 ildəki göstəricisinə əsasən, flaqmandan 25 pillə geri qalıb.
314. “Neftçi” – 380,5 xal
339. “Qarabağ” – 357
387. “Bakı” - 318,5
465. “İnter” - 256.5
468. “Xəzər Lənkəran” - 254.5
547. “Karvan” – 203
611. “Turan” – 158
679. “MKT-Araz” - 131,5
719. AZAL – 114
790. “Şəmkir” – 92,5
798. “Kəpəz” – 90,5
845. “Şahdağ” - 76
DOSTLARINLA PAYLAŞ: