Neftçi - Arsenal görüşü keçiriləcək
24 Yanvar 2011 Bazar Ertəsi 17:15
Neftçi - Arsenal görüşü keçiriləcək. Flaqman Ukrayna təmsilçisi ilə Türkiyədə qarşılaşacaq.
Unibank Premyer Liqasına ciddi hazırlaşan "Neftçi" futbol klubu təlim-məşq toplanışının ikinci mərhələsini keçmək üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb. Bakı-İstanbul-Antalya reysi ilə səfərə çıxan flaqman günorta saatlarında mənzil başına yetişib. ANS PRESS-in “Neftçi” klubuna istinadən verdiyi məlumata görə, komanda üzvləri "Mardan" İdman Kompleksində məskunlaşıb. "Ağ-qaralar"ın əsas üzvlərindən yalnız Alessandro Viana da Silva hazırlıqda iştirak etməyəcək. O, zədəsini müalicə etdirmək məqsədilə Braziliyaya yollanır. Bununla belə, komandanın makedoniyalı futbolçuları – İqor Mitreski və Slavço Georgiveski də Antalyada flaqmanın düşərgəsindədir.
Həmçinin, əvəzedici heyətdən Malik Babayev, Eltun Yaqublu və Kərim Diniyev Antalyaya aparılıb. "Neftçi" ikinci təlim-məşq toplanışı çərçivəsində ilk məşqinə bu gün Bakı vaxtı ilə saat 19:00-da çıxacaq. Bir faktı da qeyd edək ki, Antalyada "Mardan" İdman Kompleksinə məxsus 3 min azarkeş tutumu olan stadion da "Neftçi"nin ixtiyarına verilib. Bu meydançada yalnız "Neftçi"nin futbolçuları məşq edəcək və nəzərdə tutulan yoxlama görüşlərindən bir neçəsi bu arenada baş tutacaq.
Xatırladaq ki, fevralın 4-dək davam edəcək hazırlıq prosesində 4 yoxlama matçının keçirilməsi nəzərdə tutulub. Komanda "Rudar" (Çernoqoriya), "Arsenal" (Ukrayna), "Şturm" (Avstriya) və "Çelik Zenitsa" (Bosniya və Hersoqovina) klubları ilə də qarşılaşacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: