N.Süleymanov: "Futbolun meyvəsi qoldur"
21 Noyabr 2010 Bazar 20:35
"Qələbə qazanmaq üçün gərək qol vurasan"
"Bilirdik ki, "Qarabağ" orta sahədə topu daha çox saxlayacaq. Biz ötən tur MOİK-lə oyunda 2 xal itirmişdik. Buna görə bugünkü oyuna ciddi hazırlaşmışdıq, bunun da nəticəsini gördük". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan sonra AZAL-ın baş məşqçisi Nazim Süleymanov deyib.

"Futbolun meyvəsi qoldur. Gərək qol vurasan ki, qələbə qazanasan. Bu gün iki qol vurub qələbə qazandıq. Futbolçularıma gözəl oyuna və üç xala görə təşəkkür edirəm", - deyə baş məşqçi əlavə edib.

Nazim Süleymanov "Qarabağ"ı da təbrik edib: "Qarabağ" ölkənin ən yaxşı komandalarından biridir. Avrokuboklarda öz sözünü deyiblər. Onlara qarşıdakı oyunlarda uğurlar arzulayıram". Qeyd edək ki, Premyer Liqanın sonuncu turunda AZAL "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar