Mutu 17 milyon cərimədən canını qurtara bilmir
14 İyun 2010 Bazar Ertəsi 20:05
Mutu 17 milyon cərimədən canını qurtara bilmir. Futbolçunun əleyhinə daha bir qərar çıxarıldı.
İsveçrənin Ali Federal Məhkəməsi rumın futbolçu Adrian Mutunun iddiası ilə bağlı qərar çıxarıb. Məhkəmə futbolçunun altı illik tarixə malik dopinq qalmaqalı ilə bağlı Londonun “Çelsi” klubuna 17 milyon avro ödəməli olduğu qənaətinə gəlib.

Mutunun kokaindən istifadə etdiyini müəyyən edən “Çelsi” klubu onunla imzalanmış müqaviləyə xitam verərək futbolçunu cərimələmişdi. Futbolçunun müxtəlif qurumlara şikayəti isə onun əleyhinə çıxarılan qərarların sayını biraz da artırıb. 2008-ci ildə FİFA “Çelsi”nin qərarını qüvvədə saxlayıb. 2009-cu ildə isə Lozanna İdman Arbitraj Məhkəməsi (CAS) futbolçunun apellyasiya şikayətini rədd edib.

CAS-dakı uğursuzluqdan sonra indi də İsveçrənin Ali Federal Məhkəməsi bu gün futbolçunun əleyhinə qərar çıxarıb. Hazırda İtaliyanın “Fiorentina” klubunda oynayan 31 yaşlı futbolçunun orqanizmində qadağan edilmiş siburtamin maddəsi tapıldığından o cəzalandırılıb və oktyabr ayının sonuna qədər yaşıl meydançaya ayaq basa bilməyəcək.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar