Muay-tayçılarımız 3 qızıl medal qazanıb
03 Noyabr 2011 Cümə Axşamı 23:12
Milanda keçirilən dünya çempionatında idmançılarımız 3 dəfə fəxri kürsüyə çıxıb.
İtaliyada keçirilən muay-tay üzrə dünya çempionatına yekun vurulub. Mötəbər yarışda Azərbaycan yığmasının qazancı 3 qızıl medal olub.
Milan şəhərində təşkil olunan yarışda 52 ölkənin idmançıları bacarıqlarını nümayiş etdirib. 9 çəki dərəcəsində minə yaxın döyüşçü dünya çempionatının qalibi və mükafatçılarını müəyyənləşdirib.
Azərbaycan yığması mötəbər yarışda 6 idmançı ilə təmsil olunub. 81 kq çəki dərəcəsinin ən güclüsü 6 qat dünya çempionu Araz Musayev olub. Həmyerlimiz 5 döyüşün hamısında rəqiblərini məğlub edərək qızıl medallarının sayını 7-yə çatdırıb.
91 kq-da qüvvəsini sınayan Eldar Qasımov da yumruq və təpiklərinin dəqiqliyi ilə fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.
Elmar Qazıbəyov da bütün rəqiblərini üstələyərək dünya çempionu adını qazanıb. Digər 3 idmançımız isə məğlub olaraq yarışı medalsız başa vurublar.
DOSTLARINLA PAYLAŞ: