Mourinyo və Totti “Neftçi”nin oyununu izləyəcəklər
20 May 2010 Cümə Axşamı 15:40
Bakı klubunun gənc futbolçuları İtaliyaya yollanırlar.
İtaliyada 1993-1994-cü il təvəllüdlü gənclərdən ibarət komandalar arasında "Ciciaria World Cup-4" turniri keçiriləcək. Bu yarışa dəvət alan klublar arasında "Neftçi" komandası da var. Klubdan verilən məlumata görə, Appenin yarımadasına yollanacaq heyət artıq müəyyənləşib. "Ağ-qaralılar" İtaliyaya 21 futbolçu ilə yollanırlar. Nümayəndə heyətinin tərkibində "Neftçi"nin icraçı direktoru Mübariz Xudiyev, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu da yer alıb.
Yeniyetmə futbolçular arasında "kiçik dünya çempionatı" adlandırılan turnirdə 32 klub 8 qrupda yarışacaq. Rüfət Quliyevin başçılıq etdiyi komanda D qrupunda İtaliyanın "Bari" və "Arpino", eləcə də Serbiyanın "Partizan" klublarına qarşı mübarizə aparacaq. Həmçinin yarışa "Milan", "Roma", "Fiorentina", "Napoli", "Benfika", "Kristal Palas", "Nyu York Stars" kimi məşhur komandalar da qatılacaqlar.
Xatırladaq ki, mayın 25-dən 30-dək keçiriləcək turniri izləyənlər arasında dünyanın ən güclü məşqçilərindən biri olan Joze Mourinyo və ulduz futbolçu Françesko Tottinin də olacağı gözlənilir. anspress
DOSTLARINLA PAYLAŞ: