Minsk futbol klubu Azərbaycana qarşı hörmətsizlik edib
24 İyun 2011 Cümə 11:29
Belarus klubu Minsk saytında Bakı haqqında xoşagəlməz məlumatlar yerləşdirib.
Avropa Liqasında AZAL klubunun rəqibi olan Belarusun “Minsk” klubu Azərbaycana qarşı qərəzli məlumat yayıb. “Minsk” futbol klubunun rəsmi saytında AZAL və klubun təmsil etdiyi Bakı haqqında məlumatlar yerləşdirilib. Məlumatda AZAL – “Minsk” matçına avtomobillə gəlmək istəyən belaruslu azarkeşlərə Minsk-Qomel-Çerniqov-Xarkov-Poltava-Donets-Elista-Rostov-no-Donu-Qroznı-Qudermes-Mahaçqala-Bakı reysi təklif olunur. Saytda son şəhərlərin kriminal olduğu və azarkeşlərin bu şəhərlərdə ehtiyatlı olmaları tapşırılır. Eyni zamanda qeyd olunub ki, adıçəkilən şəhərlərdə tək gəzmək təhlükəlidir və buralarda qarşınızı reketlər və saqqallı şəxslər kəsə bilərlər.
Üstəlik “Minsk” klubunun rəsmi saytında klubun azarkeşlərinin internet səhifəsinə keçid də qoyulub. Bu səhifədə isə arxasında “Ostorojno azerbaydjanets” (ehtiyatlı ol azərbaycanlı) sözləri yazılmış bir şəxsin şəkli də yerləşdirilib. Bundan başqa “Minsk”in heyətində erməni soyadlı Andrey Xaçaturyanın çıxış etdiyi və Azərbaycanın Ermənistanla münaqişə vəziyyətində olduğu xatırladılır. Saytda ermənilərin Azərbaycana gəlmələrinə icazə verilmədiyi də bildirilir.
Bu məsələ ilə bağlı ANS PRESS olaraq AZAL klubuna müraciət etdik. AZAL klubunun mətbuat katibi Eldəniz Yusifov məsələ ilə tanış olduqdan sonra “Minsk” klubu nümayəndələri ilə əlaqə saxlayıb onlara etiraz etdi. "Minsk"klubunun nümayəndələri E. Yusifova məsələni araşdıraraq cavab verəcəklərini bildiriblər. E. Yusifov ANS PRESS-ə bildirdi ki, əgər Azərbaycanın ünvanına yazılmış sözlərə düzəliş olmasa, klub rəsmi etiraz ünvanlayacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: