Millimizin zəif olduğunu düşünənlər yanılırlar
25 Mart 2009 Çərşənbə 18:40
Vaqif Sadıqovun fikrincə, Azərbaycan millisi Rusiyayla yanaşı, qrupun digər komandalarına qarşı da layiqincə mübarizə aparmaq gücündədir

 

Azərbaycan idman ictimaiyyəti Dünya Çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində Rusiya millisi ilə keçiriləcək qarşılaşmanı maraqla gözləyir. Martın 28-də Moskvada keçiriləcək qarşılaşma ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Daha öncə milli komandanın baş məşqçisi postunda çalışmış Vaqif Sadıqov, Azərbaycan A Milli komandasının Moskvadan uğurlu nəticə ilə dönəcəyinə inandığını deyib. ANSPRESS-ə müsahibə verən mütəxəssis Azərbaycan millisinin nəinki Rusiya, eləcə də qrupdakı digər komandalara qarşı da layiqincə mübarizə apara biləcəyini bildirib.

-Rusiya-Azərbaycan qarşılaşması ilə bağlı fikirlərinizi bilmək istəyərdik

-Avropada zəif komanda yoxdur. Əgər kimsə hesab edirsə ki Azərbaycan millisi Rusiyadan qat-qat zəifdir, bu, yanlış fikirdir. Mən hesab edirəm ki, Azərbaycan millisi Rusiyayla, eləcə də qrupdakı digər komandalara qarşı layiqincə mübarizə apara bilər. Bu oyunda da ən yaxşı nəticəni gözləyirik. Ən əsası, çəkinmədən sona qədər mübarizə apara bilən komanda görməliyik və bizi qane edən nəticə olmalıdır. O nəticə, hansı ki gələcəyə ümidlə baxmağa imkan verəcək. Berti Foqts xeyli müddətdir komandayla çalışır. Hesab edirəm ki, lazım olan taktiki modeli hazırlayıb və millinin formalaşdırılması üçün xeyli iş görüb. Demək olar ki, hazırkı vəziyyətdə optimal heyət yığa bilib. Milli komanda bu oyunda nəticədən asılı olmayaraq, Rusiya yığmasından çəkinmədən, özünü sübut etmək üçün meydana çıxmalıdır.

-Vaqif bəy, milliyə çağırılan futbolçularla bağlı nə deyə bilərsiniz, sizcə milliyə ən yaxşılar cəlb olunub?

-Milli komandanın heyəti uzun müddətdir müzakirə obyektinə çevrilmişdi. Demək olar ki, optimal heyətə çox yaxın olan heyət yığılıb. Ən yaxşılar milliyə dəvət olunub, ancaq milli çempionatda çıxış edən hər bir azərbaycanlı futbolçu milliyə namizəddir və hər an Foqts tərəfindən milliyə çağırıla bilər. Amma hazırki vəziyyətdə ən yaxşı futbolçular millidə yer alıb.

-Rusiya millisi ilə qarşılaşmada əsas nələrə diqqət olunmalıdır?
-İlk növbədə səhv etməməliyik və ilk dəqiqələrdə qapımızdan top buraxmamalıyıq. Bundan öncəki oyunları təhlil etsək görərik ki, ev sahibi komandalar ilk 15-20 dəqiqədə hesabı açmaq istəyir və bundan sonra da oyun tamamilə ayrı tərzdə keçir. Əgər biz ilk 15-20 dəqiqədə müqavimət göstərə bilsək, demək olar ki, sonra oyun bərabərləşəcək. Və biz lazım olan oyunu göstərib, lazım olan, azarkeşləri, futbol ictimaiyyətini sevindirəcək nəticəni əldə edə bilərik. Yəni sürətdə, taktiki cəhətdən ruslara uduzmamalıyıq. Hesab edirəm ki, məşqçilər korpusu lazım olan analizi edərək, Rusiya millisinin güclü və zəif cəhətlərini müəyyənləşdiriblər. Amma mən inanıram ki, futbolçularımız onların güclü tərəflərini göstərməsinə imkan verməyəcək. Biz onların zəif cəhətlərindən yararlanaraq lazım olan nəticəni əldə etməliyik. Şəxsən mən belə hesab edirəm ki, Azərbaycan bu qrupda autsayder deyil, baxmayaraq ki, hazırda son pillələrdə qərarlaşmışıq. Komandanın göstərdiyi oyundan belə nəticəyə gəlmək olar ki, bizim mübariz bir komandamız var.

-Rusiya millisilə qarşılaşmada hücum, yoxsa müdafiə futbolu oynamalıyıq?
-Milli komanda Berti Foqtsun başçılığı altında 4 rəsmi oyun keçirib. Foqts ev, səfər oyunundan və rəqibdən asılı olmayaraq eyni modelə, müasir 4-2-3-1 modelinə üstünlük verir. Hesab edirəm ki, Foqts bu oyunda da eyni sistemdən vaz keçməyəcək. İnanaq ki, 1 ilə yaxındır bu sistemlə oynayan milli komanda ən yaxşı oyununu elə Rusiyada göstərəcək.

-Vaqif bəy oyunla bağlı proqnozunuz necədir, sizcə Rusiyadan hansı nəticə ilə dönmək olar?

-Proqnoz vermək çox çətindir. Rusiya favorit olsa da, üstünlük o qədər də çox deyil. 55-45 faiz üstünlük Rusiyanın tərəfindədir. Ancaq bu faizi dəyişmək üçün hələ 2 gün vaxt var və 90 dəqiqə mücadilə  bizim nəyə qadir olduğumuzu göstərəcək. Hər birimiz istəyirik ki, sevindirici, yaxşı nəticə olsun. Ancaq mən istəyirəm ki, elə oyun olsun ki, gələcəyə inam versin. Mən inanıram ki, komanda uğurlu nəticə əldə edəcək.

/ANSPRESS/ 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar