Millimizdən gözlənilməz nəticə
29 Fevral 2012 Çərşənbə 20:25
Komandamız tarixində ilk dəfə görüşdüyü Fələstin yığmasına uduzub.
Bu gün Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışını məğlubiyyətlə başa vurub. ANS PRESS-in məlumatına görə, “The Sevens” stadionunda Azərbaycan və Fələstin milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Almaniyalı Berti Foqtsun baş məşqçisi olduğu milli komandamız tarixində ilk dəfə görüşdüyü Fələstin yığmasına uduzub. Oyunda əsas hadisələr ilk hissədə olub. Belə ki, millimiz fasiləyə az qalmış qolu buraxdıqdan dərhal sonra yerli hakim yarımmüdafiəçimiz Rəşad Sadiqova 1 dəqiqədə 2 sarı vərəqə göstərərək, onu meydandan çıxarıb. 39-cu dəqiqədə Fələstinin heyətində Husam Abu Saleh hesabı açıb.
Yığmamız fasilədən sonra 10 nəfərlə daha yaxşı oynasa da, hesabı bərabərləşdirə bilməyib. Əvəzində matçın axırında daha bir qol buraxan Foqtsun yetirmələrinin bu il ilk məğlubiyyəti reallaşıb. 79-cu dəqiqədə Abuhabib 2-ci topu qapımızdan keçirib. Beləlikə, Fələstin yığması millimizi 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, sabah Vətənə dönəcək millimiz fevralın 22-dən başlayan Dubay toplanışında Sinqapurla 2:2 hesablı heç-heçə edib, Hindistana isə 3:0 hesabı ilə qalib gəlib.
DOSTLARINLA PAYLAŞ: