Millimiz yunanlara məğlub oldu
14 Oktyabr 2010 Cümə Axşamı 02:55
Baş məşqçi Bernhard Lippert: “Çox adi bir vəziyyətdə, heç nədən qol buraxdıq”.
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün yunanıstanlı həmyaşıdları ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.
Oyundan sonra Yunanıstan yığmasının baş məşqçisi Leonidas Vokolos fikirlərini belə ifadə edib: “Gürcüstan yığmasına uduzduqdan sonra bu oyunda mütləq qalib gəlməli idik. Buna son şansımız kimi baxırdıq. Birinci hissədə yaxşı oynadıq. Fasilədən sonra rəqibimiz daha yaxşı çıxış etdi. Əslində, bunu gözləyirdik. Çünki Azərbaycan yığması Portuqaliya komandası ilə qarşılaşmada yaxşı futbol oynamağı bacardığını nümayiş etdirmişdi. Bu oyunun videoyazısına futbolçularımızla birgə baxmışdıq”.
Yığmamızın baş məşqçisi Bernhard Lippert isə bildirib ki, belə oyundan sonra nəsə demək çətindir: “Çox adi bir vəziyyətdə, heç nədən qol buraxdıq. İkinci hissədə isə, hücum qura bilməyən və bütünlüklə müdafiədə olan komandanı məyus etməyi bacarmadıq. Məğlub olmağımıza baxmayaraq, hesab edirəm ki, Portuqaliya yığmasına qarşı oyunumuzla müqayisədə bu gün daha yaxşı çıxış etdik”.
Komandamız seçmə mərhələdə son oyununu oktyabrın 16-da, Bakı vaxtı ilə saat 20:00-da gürcüstanlı həmyaşıdlarına qarşı keçirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: