Millimiz Türkiyə millisini qrup ikinciliyinə yüksəltdi
03 Sentyabr 2011 Şənbə 00:34
Türkiyə millisi isə Qazaxıstan qarşısında xal itkisindən son anda xilas oldu
Belçika millisinin Bakıda xal itirməsinin ardınca Türkiyə millisi nəmi bir qədər də artan qarşılaşmada Qazaxıstan yığmasını məğlub etdi. Türkiyə millisi Arda Turanın oyunun əsas vaxtına əlavə edilmiş 4-cü dəqiqədə sərbəst zərbədən vurduğu qolla 2:1 hesabı ilə qalib gəlməyi bacarıb və Belçikanı qabaqlayaraq, qrupda ikinci pilləyə yüksəlib. Üstəlik, türklər bir oyun az oynayıblar.

Son dəqiqələri olduqca həyəcanlı keçən qarşılaşmada ilk qolu 31-ci dəqiqədə Burak Yılmaz vurub. Qazaxıstan yığması hesabı 55-ci dəqiqədə Konsbayevin qolu ilə bərabərləşdirib. Oyunun 62-ci dəqiqəsində ilk qolun müəllifi Burak Yılmaz penalti imkanından yararlana bilməyib. O, 72-ci dəqiqədə başı ilə qol vursa da, hakim qolu saymayıb. Daha doğrusu əsas hakim qol olduğunu bildirsə də, yan həkim qolun hesaba alınmasına imkan verməyib.

Oyunun 90-cı dəqiqəsində Türkiyə millisinin oyunçusu Selçuk İnan qırmızı kartla meydandan qovulub. Beləliklə, o, sentyabrın 6-da Avstriya ilə oyunu buraxmalı olacaq.

Nəhayət, hamının Türkiyə millisinin çox vacib iki xalı itirdiyini düşündüyü bir vaxtda Arda Turan komandasının xilaskarı oldu. Onun oyunun son saniyələrində vurduğu qol Türkiyə millisinə çox vacib qələbəni qazandırıb.

Qarşılaşmanı Türkiyə prezidenti Abdullah Gül də izləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar