Millimiz səfərdə qələbə qazandı
11 Noyabr 2011 Cümə 23:08
Berti Foqtsun yetirmələri Tiranada Albaniya yığmasını minimal hesabla məğlub edib.
Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirib. ANS PRESS-in məlumatına görə, millimiz bu il son rəsmi matçını səfərdə Tiranada Albaniya yığmasına qarşı keçirib. Komandalar oyuna kəşfiyyatla başladılar. Hətta ara-sıra oyunçular oyunun yoldaşlıq olmasına baxmayaraq, bir-birlərinə qarşı kobudluq da edirdilər.

Sakit tərzdə keçən matçda hər iki komanda ötürmələrdə səhvə yol verirdilər. Hətta millimizin qapıçısı Andrey Popoviç 8-ci dəqiqədə az qala rəqibin qol vurmasına səbəbkar olacaqdı. Lakin milliləşən ukraynalı qolkiper son anda səhvini düzəldə bildi.

Oyunda ilk künc zərbəsi də millimizdən gəldi. Oyunun 15-ci dəqiqəsindən Azərbaycan yığması cüzi də olsa üstünlük əldə edə bildi. Məhz bunun nəticəsi idi ki, Rəşad Sadıqovun ötürməsindən sonra Rauf Əliyev Albaniya millisini məyus etdi - 0:1.

İlk yarı bu hesabla başa çatsa da, oyunun ikinci yarısı qarşılıqlı hücumlarla yadda qaldı. Amma bu heç də oyunda hesabın dəyişməsinə imkan vermədi. Oyun elə bu hesabla başa çatdı. Beləliklə, Azərbaycan millisi Albaniyaya minimal hesabla qalib gələ bildi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar