Millimiz qazaxlara qalib gəldi
06 Sentyabr 2011 Çərşənbə Axşamı 22:17
Yığmamız seçmə mərhələlər tarixində ilk dəfə 5 xaldan artığını qazana bildi.
Bu gün Avro-2012-nin seçmə mərhələsinin növbəti oyunları keçirilib. Azərbaycanın futbol üzrə milli komandası Avro-2012-nin seçmə mərhələsində Qazaxıstan millisini 3:2 hesabı ilə məğlub edib.
ANS PRESS-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı FİFA referisi Anders Hermansenin başçılıq etdiyi danimarkalı hakimlər briqadası idarə edirdi.
Belə ki, oyunda ilk hesabı 21-ci dəqiqədə Qazaxıstan millisinin üzvü Sergey Ostapenko açıb – 0:1. 25-ci dəqiqədə isə Vaqif Cavadov çərçivəyə düşsə də, qazaxların qapıçısı Mokin komandasını qoldan xilas edə bilib.
Komandamız fasiləyə məğlub yollansa da, futbolçularımız matçın ikinci hissəsinə fəal başladılar. 54-cü dəqiqədə Rauf Əliyev baş zərbəsi ilə hesabda tarazlıq yaratdı. 58-ci dəqiqədə Vaqif Cavadovun uzaq zərbəsini yenə də Qazaxıstan millisinin qapıçısı Mokin çətinliklə qaytardı.
61-ci dəqiqədə Rauf Əliyevə qarşı kobudluğa görə hakim rəqib qapıya penalti təyin etdi. Mahir Şükürov komandamızı irəli çıxardı. 68-ci dəqiqədə isə Vaqif Cavadov Qazaxıstan komandasının qapısından 3-cü topu keçirdi.
Sonda 77-ci dəqiqədə Yevstiqneyev fərqi minimuma endirdi - 3:2.
Beləliklə, Azərbaycan Qazaxıstan millisini 3:2 hesabı ilə məğlub etdi. Yığmamız seçmə mərhələlər tarixində ilk dəfə 5 xaldan artığını qazana bildi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: