Millimiz Ermənistanla heç-heçə oynadı
25 İyul 2011 Bazar Ertəsi 17:20
Şahmatçılarımız əldə etdikləri üstünlüyü sonadək qoyuya bilməyib.
Bu gün Çinin Ninbo şəhərində şahmat üzrə dünya çempionatında 8-ci tura yekun vurulub. ANS PRESS-in Rusiya Şahmat Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan yığma komandası bu tur çərçivəsində Ermənistan kollektivi ilə üz-üzə gəlib.
Görüş gərgin idman mübarizəsi şəraitində keçib. Əvvəlcə Teymur Rəcəbovla Levon Aronyan üz-üzə gəlib. Şahmatçılar bu görüşdə xalları yarı bölməyə üstünlük veriblər – 0,5:0,5. Vüqar Həşimov Sergey Movsesyanla heç-heçə oynayıb. Şəhriyar Məmmədyarov isə Qabriel Sarkisyan üzərində qələbə qazanıb.
Partiyanın həlledici görüşündə isə Rauf Məmmədov Vladimir Akopyanla münasibətlərinə aydınlıq gətirib. Rauf Məmmədovun heç-heçəsi yığmamıza ümumi hesabda qələbə qazandıracaqdı. Ancaq Rauf Məmmədov etimadı doğrultmayaraq 72-ci gedişdə rəqibinə məğlub olub. Yekunda isə ümumi hesab 2:2 olub.
Xatırladaq ki, bu turadək yığmamız 10 komanda arasında 7-ci yerdə qərarlaşmışdı. Ermənistan isə turnir cədvəlinə liderlik edirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: