Millimiz dünya reytinqində gerilədi
08 Aprel 2009 Çərşənbə 14:10
Milli komandamız FİFA-nın açıqladığı növbəti reytinq cədvəlində 140-cı mövqedə qərarlaşıb

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə 6 pillə geriləyən Azərbaycan A Milli komandası, FİFA reytinqində 140-cı yerdə qərarlaşıb. Komandamızın aktivində 190 xal var. Dünya reytinqinə isə aktivində 1729-xalı olan İspaniya millisi başçılıq edir. Dünya Çempionatı 2010-un seçmə mərhələsində rəqibimiz olan Almaniya millisi 1362 xalla 2-ci pillədə qərarlaşıb, 3-cü sırada isə 1360 xala sahib olan Hollandiya millisi yer alıb.

Dünya Çempionatı 2010-un seçmə mərhələsindəki digər rəqiblərimizə gəlincə, mart ayında qarşılaşdığımız Rusiya millisi bir pillə geriləyərək 1117 xalla 7-ci mövqedə qərarlaşıb. Ötən ayla müqayisədə 6 pillə irəliləyən Finlandiya 591 xalla 51-cidir. İyunun 6-da Bakıda qarşılaşacağımız Uels millisi də 5 pillə geriləyib. Aktivində 468 xalı olan uelslilər 73-cü sıradadır. Ötən ayla müqayisədə 4 pillə geriləyən Lixtenşteyn millisi isə 134 xalla 155-ci mövqedə qərarlaşıb.

Ötən ay açıqlanan Dünya reytinqində 11-ci olan Türkiyə millisi isə 3 pillə geriləyərək 14-cü mövqeyə düşüb. Türkiyə millisinin aktivində 925 xal var. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar