Millimiz Belarus yığmasını Bakıda məğlub etdi
14 Avqust 2010 Şənbə 22:00
Basketbol yığmamız AÇ seçim mərhələsində qrup lideri oldu.
Basketbol üzrə Avropa çempionatının “B” divizyonunda yarışan Azərbaycan seçməsi bu gün növbəti matçına çıxıb. Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilən yarışda millimizin tərəf müqabili Belarus komandası olub.

Birinci tur səfərdə İsveç komandasına məğlub olmuş bəyaz ruslar bu oyunda nəyin bahasına olursa-olsun qələbə qazanmaq istiyirdilər. Millimiz isə doğma divarlar arasında eynilə bir həftə əvvəl səfərdə Albanlar üzərində qazanılmış qələbənin ardını gətirmək istiyirdi.

Gözlənildiyi kimi oyun ilk dəqiqələrdən yığmamızın hücumları ilə başlayıb. İlk 10 dəqiqəni millimiz 12 xal üstünlüklə 32-20 hesabını aktivinə yazıb. Böyük fasiləyə isə basketbolçularımız 47-37 hesabı ilə irəlidə yollanıblar.

Üçüncü yarıdan sonra millimiz hesab arasındakı fərqi 15 xala yüksəldə bilib (65-50)

Həlledici, dördüncü hissə də komandamızın üstünlüyü ilə başa çatıb və Azərbaycan yığma komandası görüşü 83-79 hesabı ilə qazanaraq qrupda liderliyi ələ keçirib.

Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu avqustun 17-də səfərdə Rumıniya komandasına qarşı keçirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar