Millimiz albanları Bakıda da məğlub etdi
12 Avqust 2011 Cümə 22:29
Basketbolçularımız görüşü 99-86 hesabı ilə qazanaraq qrupda liderliyi ələ keçirib
Bir il əvvəl, birinci tur çərçivəsində millimizə məğlub olmuş Albaniyanın basketbol yığması Bakıda nəyin bahasına olursa-olsun qələbə qazanmaq istəyirdilər. Millimiz aparıcı oyunçusu Çarlz Deyvissiz də doğma divarlar arasında rəqibdən üstün olduğunu sübut etmək istəyirdi. Elə də oldu.

Gözlənildiyi kimi, oyun ilk dəqiqələrdən yığmamızın hücumları ilə başladı. Dəqiqələr ötdükcə, komandamızın hesabdakı üstünlüyü də durmadan artırdı. İlk 10 dəqiqəni millimiz 11 xal fərqiylə 31-20 hesabıyla aktivinə yazdı. Böyük fasiləyə isə basketbolçularımız 57-37 hesabıyla irəlidə yollandılar.

Qalan 20 dəqiqə ərzində oyundakı üstünlüyü qoruyub saxlamaq lazım idi ki, basketbolçularımız bu işin öhdəsindən layiqincə gəldi. Üçüncü yarıdan sonra millimiz hesab arasındakı fərqi 24 xala yüksəltdi: 81-57. Həlledici, dördüncü hissə də komandamızın üstünlüyü ilə başa çatdı və Azərbaycanın basketbol yığması görüşü 99-86 hesabıyla qazanaraq qrupda liderliyi ələ keçirdi.

Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu avqustun 18-də səfərdə Belarus komandasına qarşı keçirəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar