Çempion finalda Vergilər Nazirliyinin komandasını üstələyib.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Parlament Kuboku-2011” futbol turnirinin final qarşılaşması keçirilib. Bakı Dövlət Universitetinin (BDU) idman kompleksində keçirilən oyunda Milli Məclis və Vergilər Nazirliyinin komandaları qarşılaşıblar. Oyunu Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov, vergilər nazirinin müavini Sahib Ələkbərov və AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev izləyiblər.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində qapılara top vurulmayıb. İkinci hissənin başa çatmasına 3 dəqiqə qalmış Milli Məclisin komandası hesabı açmağa müvəffəq olub. Bu hesab oyunun sonuna qədər dəyişməyib. Beləliklə, Milli Məclisin komandası turnirin qalibi adına layiq görülüb.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi baş tutub. Turnirin “Ən yaxşı...” nominasiyası üzrə fərqlənənlərə diplomlar verilib. Sonra üçüncü yeri tutmuş Xarici İşlər və Səhiyyə nazirliklərinin komandalarına bürünc medallar və diplomlar təqdim olunub. Vergilər nazirinin müavini S.Ələkbərov ikinci yeri tutmuş Vergilər Nazirliyinin kollektivini mükafatlandırıb.
Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Z.Əsgərov turnirin qalibi olmuş Milli Məclisin komandasına qızıl medalları və kuboku təqdim edib.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov qonaqlara xatirə hədiyyələri təqdim edib. ANSPRESS