Milli komandamızın baş məşqçisi istefaya göndərildi
18 Oktyabr 2010 Bazar Ertəsi 23:35
Ağacan Abiyev: "Kuba hökuməti 70 yaşdan yuxarı olan vətəndaşlarının xaricdə çalışmasına icazə vermir".
Azərbaycan Boks Federasiyası (ABF) milli komandamızın kubalı baş məşqçisi Xesus Yu Polierlə yollarını ayırıb. Bu haqda ABF-nin I vitse-prezidenti Ağacan Abiyev məlumat verib. Onun sözlərinə görə, Polierlə bu yaxınlarda başa çatan 1 illik müqavilənin uzadılmamasına qərar verilib. Burada kubalı mütəxəssisin yaşının çoxluğu da az rol oynamayıb: “Xesusun yaşı artıq 70-i keçmişdi. Kuba hökuməti isə 70 yaşdan yuxarı vətəndaşlarının xaricdə çalışmasına icazə vermir”.

Xesus Yu Polierlə birgə ölkəmizə gələn Lazaro Ximenes Martinesin müqaviləsi isə noyabrda başa çatacaq. Abıyev Martineslə bağlı hələlik qərar vermədiklərini əlavə edib.

Qeyd edək ki, kubalı mütəxəssislərin fəaliyyəti dövründə iki aparıcı boksçumuz – Samir Məmmədov (51 kq) və Elçin Əlizadə (91 kq) Azərbaycan millisindən kənarlaşdırılıb. Səbəb kimi Məmmədovla Əlizadənin nizam-intizamı pozduqları göstərilib. Yığmamız isə iyunda Rusiyanın paytaxtı Moskvada keçirilmiş Avropa çempionatını cəmi bir gümüş medalla başa vurub. Yeganə medalı Elvin Məmişzadə (48 kq) qazanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar