Futbol üzrə İtaliya çempionatının A Seriyasının 35-ci turu möhtəşəm qarşılaşmaya səhnə olub. Öz meydanında "Yuventus"u qəbul edən "Milan" qələbə qazana bilməyib, qarşılaşma 1-1 hesabı ilə heç-heçə başa çatıb.
“Cüzeppe Meazza” stadionunda keçirilən qarşılaşmada meydan sahibi “Milan”ın qoluna 57-ci dəqiqədə Klarense Seedorf imza atıb, “Yuventus”un bərabərlik qolunu isə 60-cı dəqiqədə Vincenzo Laquinta “Milan”ın qapısından keçirib.
İlk yarısı 0-0 hesabı ilə heç-heçə başa çatan qarşılaşmada "Milan"ın ingilis futbolçusu Devid Bekhem, matçın 4-cü dəqiqəsində aldığı sarı vərəqə üzündən 36-cı turda keçiriləcək "Udinze" matçında iştirak edə bilməyəcək. "Milan"ın digər futbolçusu Cüzeppe Favalli isə matçın 25 və 86-cı dəqiqələrində aldığı sarı vərəqlərdən sonra qırmızı vərəqə ilə cəzalanaraq komandasını azlıqda qoyub.
Bu nəticədən sonra "Milan" xalı 71-ə, "Yuventus"un xalı isə 67-yə yüksəlib. İtaliya çempionatının 36-cı turunda "Milan" səfərdə "Udinze" ilə qarşılaşacaq, "Yuventus" isə öz meydanında "Atalanta"nı qəbul edəcək. /ANS PRESS/