“Milan” İtaliya Kubokunda mübarizəni dayandırdı
11 May 2011 Çərşənbə 02:14
Finala vəsiqə qazanan “Palermo” “İnter” və ya “Roma” ilə qarşılaşacaq
Ötən həftə İtaliya çempionu olan “Milan” klubu mövsümdəki uğurlarının sırasına ölkə Kubokunda birinciliyi əlavə edə bilməyib. O, yarımfinalda “Palermo”ya məğlub olub.

Palermoda keçirilən cavab yarımfinal qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Milanda keçirilən ilk oyunda 2:2 hesablı heç-heçə qeydə alınmışdı. “Palermo”ya qələbəni Culio Milyaçço (63-cü dəqiqə) və Çezare Bovonun (73-cü dəqiqə, penalti) qolları gətirib. Zlatan İbrahimoviçin oyunun əsas vaxtının sonunda vurduğu cavab qolu oyunun ümumi nəticəsinə təsir etməyib. “Milan”ın heyətində Mark van Bommel, “Palermo”dan isə Çezare Bovo qırmızı kartla meydandan qovulublar.

İtaliya Kubokunun ikinci finalçısı bu gün müəyyənləşəcək. Finala vəsiqə uğrunda “İnter” və “Roma” klubları qarşı-qarşıya gələcəklər. Komandalar arasında ilk oyun romalıların 0:1 hesablı məğlubiyyəti ilə başa çatmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar