Məhəmmədrəsul Məcidov növbəti mərhələdə
07 Avqust 2012 Çərşənbə Axşamı 04:03
Məhəmmədrəsul Məcidov da ən azı bürünc medalı təmin etdi!
Bu gün London Yay Olimpiya oyunlarında çıxış edən boks yığmamızın ən ağır çəkili üzvü rinqə çıxıb. Azerisport.az xəbər verir ki, bu, +91 kq çəki dərəcəsində yarışan Məhəmmədrəsul Məcidov idi.

Xatırladaq ki, Məcidov London rinqində artıq bir görüş keçirmişdi. 25 yaşlı boksçumuz Konqodan olan Meji Mvanbanı nokauta salaraq, vaxtından öncə qalib gəlmişdi. İndi isə təmsilçimiz Məhəmməd Ömərovu (Rusiya) mübarizədən kənarlaşdırmalıydı. Dağıstanlı boksçu artıq bir döyüş keçirib və ABŞ-dan olan rəqibi üzərində 19:8 hesabıyla qələbə qazanıb.

Məcidovun bu rəqibi ilə görüşünün ilk raundu sülhlə bitib - 4:4. İkinci raundda isə boksçumuz məğlub olur - 6:7. Son raundda isə boksçumuz daha güclü boks nümayiş etdirərək qələbə qazanıb - 7:3. Beləliklə, ümumi hesabda 17:14 hesabı ilə qalib başa vuran təmsilçimiz yarımfinala çıxmaqla yanaşı, həm də ən azı bürünc medalı özü üçün təmin edib.

Qeyd edək ki, Məcidovla yanaşı yığmamızın üzvlərindən hələlik yalnız Teymur Məmmədov (91 kq) inamla irəliləyir. O da yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özü üçün təmin edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar