Medal həsrəti sona çatdı
24 Aprel 2010 Şənbə 23:05
Elxan Məmmədov Avropa çempionatının bürünc medalını qazanıb.
Azərbaycan cüdoçularının Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa çempionatındakı medal həsrəti bu gün başa çatıb. Ağırlığı 90 kiloqram olan idmançılar arasında yarışmış Elxan Məmmədov qitə çempionatının bürünc medalını qazanıb.
90 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Elxan Məmmədov qitə çempionatında mübarizəyə İtaliyalı Valter Vasente üzrənidə qələbə ilə başlayıb. Ardınca, Yunanıstanlı Olimpiya çempionu Nikos İliadisi məğlub edən Elxan yarımfinala adlayıb. Amma, o, gürcü Varlam Lipartelianiyə uduzaraq, qızıl medal qazanmaq şansını itirib. 3-cü yer uğrunda görüşdə isə cüdoçumuzun rəqibi litvalı Karolis Bauza olub. Bauza ilə döyüşdə isə Məmmədov qələbə qazanmaq üçün 3 dəqiqə vaxt lazım gəlib. Təmiz qələbə müqabilində Elxan Məmmədov Avropa çempionatının bürünc medalına yiyələnib.
Təəssüf ki, çəkisi 100 kq.-dək olan idmançılar arasında çıxış etmiş Elmar Qasımov eyni uğuru təkrarlaya bilməyib. Ötən il İrəvanda keçirilmiş gənclər arasında Avropa çempionatının qalibi olan Elmar bu dəfə ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb. Beləliklə, Azərbaycan cüdoçularının Avstriyada keçirilən Avropa çempionatında qazancı 1 bürünc medal olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: